Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.
ATƏT müşahidəçiləri olduqları məntəqələrin yarısında səslərin sayılmasında şəffaflığın pozulduğunu deyirlər
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrini açıqlayıb.
Mətbuat konfransında açıqlanan sənəddə bildirilir ki, 7 fevral seçkiləri məhdudlaşdırıcı mühitdə keçib, seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb. “Birləşmək, ifadə və sərbəst toplaşmaq kimi fundamental azadlıqlara uzun müddətdir qoyulmuş ciddi məhdudiyyətlər həm qanunda, həm də təcrübədə həqiqi demokratik seçkilər üçün standartlara ziddir”, – açıqlamada vurğulanıb.
“Seçicilər üçün alternativ təqdim olunmayıb”
Sənəddə qeyd edilir ki, süskün keçən kampaniya məhdud ictimai iştirak yaratdı və sosial şəbəkələr də daxil olmaqla, həqiqi rəqabət xarakteri daşımadı: “Namizədlərin heç biri öz təşviqat çıxışlarında hazırkı prezidentin siyasətlərinə inandırıcı şəkildə etiraz etmədikləri səbəbindən seçicilər üçün alternativ təqdim olunmayıb”.
Əlavə edilir ki, müşahidə olunan məntəqələrdə seçki günü sakit və bütövlükdə nizam-intizamlı keçib: “Bununla bərabər, müşahidə edilən 1226 seçki məntəqəsinin 7.7 faizində səsvermə proseduru BSMM (Beynəlxalq Seçki Müşahidə Missiyası) müşahidəçiləri tərəfindən mənfi qiymətləndirilib. Bu da yüksək rəqəmdir və ciddi narahatlıq doğurur”.
Bildirilir ki, 11 faiz məntəqələrdə seçicilərin barmaqları mürəkkəblə ardıcıl şəkildə işarələnməyib, 16 faiz halda isə mürəkkəbin izi yoxlanılmayıb: “BSMM müşahidəçiləri… seçki qutularına bülletenlərin atılması (29 seçki məntəqəsi), müşahidələrin 5 faizində seçici siyahılarında oxşar imzaların, eləcə də müşahidələrin 4 faizində qrup səsverməsinin olduğuna dair məlumat veriblər”.
Səslərin sayılmasında…
Sənədə görə, BSMM müşahidəçiləri bildiriblər ki, müşahidəsi aparılan məntəqələrin təxminən yarısında (53) səslərin sayılmasının şəffaflığı pozulub. Habelə vurğulanır ki, müşahidəsi aparılan məntəqələrin beşdə birində (26) BSMM müşahidəçiləri səslərin sayılması prosedurlarını məhdudiyyətsiz müşahidə edə bilməyiblər.
Azadlıq radiosu