M.Ə.Rəsulzadənin 140 illiyi. ‘Hökumət ‘hə’ deməsə, etməyəcəklər’

Yanvarın 31-də Azərbaycana demokratik ideyaları gətirən və onu yaşadan böyük şəxsiyyətlərdən biri – Məhəmməd Əmin Rəsulzadənin 140 yaşı tamam olur. 30 ildir bu günlər Əliyevlər iqtidarı məhz Rəsulzadəyə görə çox qınağa çəkilir. Niyə Rəsulzadəyə heykəl qoyulmur, niyə ev muzeyi açılmır, niyə layiq olduğu qiyməti almır?

Bəlkə də, əsas sual bu olmalıdır: Rəsulzadənin kimliyi və etdikləri Azərbaycan insanına gərəyincə tanıdılıbmı? Azərbaycan toplumu Rəsulzadənin kimliyini və onun Azərbaycan tarixindəki rolunu dərk edə bilibmi?

Ayrı-ayrı dövrlərdə istər keçmiş prezident Heydər Əliyev, istərsə də onun oğlu, 20 ildir prezident kürsüsündə olan İlham Əliyev M.Ə.Rəsulzadənin yubileyi ilə əlaqədar sərəncamlar imzalayıblar. Axırıncı dəfə prezident Əliyev dekabrın 30-da M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi barədə sərəncam imzalayıb. Ötən il mərhum prezident Heydər Əliyevin 100 illiyi çərçivəsində orta məktəblərdə ona həsr olunmuş müsabiqələr, olimpiadalar, müxtəlif idarə və qurumlarda konfranslar, qaçış marafonları keçirildi, ölkənin bütün küçələrində, prospektlərində üçüncü prezidentin böyüdülmüş şəkilləri asıldı və s. Bütün bunlar M.Ə.Rəsulzadə üçün də keçiriləcəkmi?

Mədəniyyət Nazirliyindən AzadlıqRadiosuna şifahi olaraq bildirildi ki, 140 illik yubileylə bağlı tədbirlər planı hələ ki hazırlıq çərçivəsindədir və nazirlik təkliflərini irəli sürəcək.

“Dövlətin gərək qərarı olsun”

Görəsən, nazirlik Heydər Əliyevin 30 il bundan əvvəl imzaladığı sərəncamı necə, tədbirlər planına salınacaqmı? 1992-ci ilin yanvarında Nazirlər Kabineti M.Ə.Rəsulzadənin Bakıda abidəsinin ucaldılması barədə qərar qəbul etmişdi. Həmin qərardan sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Ömər Eldarov heykəli hazırlamağa başlamışdı. Daha sonra bu məsələyə bir də 1993-cü ilin dekabrında yenidən qayıdılır. Prezident Heydər Əliyevin Rəsulzadənin 110 illik yubileyi ilə bağlı verdiyi sərəncamda ona Bakıda heykəl qoyulması, əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevrilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulmuşdu. Amma H.Əliyevin hakimiyyəti dövründə nə heykəl ucaldıldı, nə də ev muzeyi yaradıldı. 20 illik hakimiyyəti dövründə atasının yolunu davam etdirdiyini fəxrlə deyən İlham Əliyev də bu sərəncamı görməzdən gəldi. Həmin heykəlin qoyulmalı olduğu yerdə – Kukla teatrı ilə üzbəüz bağda indi fontan quraşdırılıb.

“…Heykəli düzəltmişəm, ancaq bu, keçid modelidir. Proyekt də olub. O vaxtdan nə Xalq Cəbhəsi vaxtında sifariş olub, nə də sonradan. Heykəltəraşlar belədir. Sifariş varsa, edirlər, sifariş yoxdursa, biz onu (heykəli) edə bilmirik”. Bu müsahibəni AzadlıqRadiosu Ömər Eldarovdan 2009-cu ildə götürmüşdü.

97 yaşlı heykəltəraş 15 ildən sonra Rəsulzadənin 30 il emalatxanada qalan heykəlinin maketi barədə bunları deyir: “…Heç kim mənimlə danışmadı. Heç nə olmayıb. …Bu, bahalı şeydir. Ancaq (məsələ) pulda deyil. Hökumət “hə” deməsə, etməyəcəklər, icazə verməyəcəklər quraşdırmağa. Pyedestal var. Dövlətin gərək qərarı olsun. …Prezident. Prezidentsiz elə şey olmur. Gərək onu prezident etsin”.

Ö.Eldarov onu da bildirdi ki, H.Əliyevin saysız heykəllərini düzəldib və, demək olar ki, hər rayonda var.

Laqeyd yanaşma

Rəsulzadəyə heykəlin qoyulması, yaxud ev muzeyinin yaradılması məsələsi işin üzdə olan tərəfləridir. Əslində insanları hakimiyyəti sorğulamağa vadar edən işin mahiyyətidir. Yəni Azərbaycan tarixinin, hətta bütün Şərq tarixinin ən böyük şəxsiyyətlərindən birinə hakimiyyətin soyuq və laqeyd yanaşmasıdır. Məsələn, xeyriyyəçi Zeynalabdin Tağıyevə şəhərin mərkəzində heykəl qoyuldu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun Mərdəkandakı ev muzeyi təmir olundu. Yaxud Qarabağ işğaldan azad olunandan sonra bir-iki il ərzində ermənilərin dağıtdıqları Bülbülün ev muzeyi və heykəli, Natəvanın, Üzeyir Hacıbəylinin heykəlləri bərpa olundu, Vaqifin məqbərəsi ucaldıldı. Və bunların hamısı İlham Əliyevin nəzarəti və iştirakı ilə gerçəkləşdirildi. Hətta bugünlərdə prezident hökumətin nəzarətində olan media nümayəndələrinə Natəvanın Fransadakı heykəlinə hörmətsizlikdən danışdı və bunu vandalizm aktı kimi qiymətləndirdi.

Amma İ.Əliyev M.Ə.Rəsulzadənin Gəncədəki büstünün üç il sellofana bağlı vəziyyətdə qalmasına bir dəfə də olsun münasibət bildirməmişdi. 2015-ci ildə bu hadisə mediada ciddi səs-küyə səbəb olmuşdu. Deputat Sabir Rüstəmxanlı parlamentdə demişdi ki, gəncəlilər ona üç ildir şəhərdə hansısa qurumların Rəsulzadənin abidəsinin başına çuval keçirdiyini, təmir işi apardıqlarını deyirlər. Doğrudur, sonradan büstün üzərindən çuval çıxarıldı, lakin o kiçik park elə yenə də baxımsız olaraq qalmaqdadır.

Gəncədə Rəsulzadənin tək büstü örtülü qaldı... 2014
Gəncədə Rəsulzadənin tək büstü örtülü qaldı… 2014

BDU-da büst qoyulacaqdı…

Rəsulzadənin özünün əsasını qoyduğu Bakı Dövlət Universitetindən büstü 1999-cu ildə götürüldükdən sonra “Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır” yazılmış mərmər lövhə isə illərdir universitetin həyətində qalmaqdadır.

Məsələ burasındadır ki, aşağılar yuxarıları 30 ildir bu məsələ ilə qınağa çəkirlər. Amma istər abidənin ucaldılması, istərsə də ev muzeyinin yaradılmasında heç aşağıdan da təşəbbüs görünmədi. Ölkədəki ictimai birliklər, ictimai fəallar, digərləri 30 ildə bu mövzuda bir araya gəlib real təşəbbüs göstərmədilər.

Sual oluna bilər ki, heykəl mövzusu niyə ictimaiyyətdə bu qədər müzakirə olunur? Doğrudur, heykəl simvoldur, önəmli tarixi özündə əks etdirən abidədir. Əgər abidələrin, heykəllərin cəmiyyətdə bu qədər önəmli rolu olmasaydı, nə Heydər Əliyevə Azərbaycanda bu qədər heykəl qoyulardı, nə də SSRİ dağılan kimi o dövrə aid heykəlləri insanlar yerindən söküb atardı. Odur ki, önəmli olan o tarixin xalqların şüurunda və düşüncəsində olan yeridir.

XX əsrdə İranın görkəmli dövlət adamı olmuş Seyid Həsən Tağızadə Rəsulzadə haqqında yazırdı: “Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında misli-bərabərinə rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi”.

Rəsulzadə tarix dərsliklərində

Görünən odur ki, Rəsulzadənin kimliyi və etdikləri Azərbaycan insanına gərəyincə tanıdılmır. Məktəblilər üçün “Azərbaycan tarixi” dərsliklərinin monitorinqi göstərir ki, cümhuriyyət tarixi və onun əsas simaları haqqında yetərincə bilgi verilməməklə yetişməkdə olan nəsildə onlar haqqında dolğun təsəvvür oyada bilmir. Məsələn, Azərbaycanda neçə şagird bilir ki, Cümhuriyyətin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin hələ də məzarı tapılmayıb, harada olduğu bilinmir? Yaxud məktəblilər bilirlərmi ki, Əlimərdan bəy Topçubaşov Parisdə Zəfər Tağından keçid edilərək dəfnə aparılan Türk-İslam dünyasının nadir şəxsiyyətlərindəndir? Və ya ömrünün sonuna qədər müstəqil Azərbaycan dövləti ideyasını yaşatmaq üçün Rəsulzadənin nələri qurban etdiyini tarix kitabları uşaqlara öyrədirmi? Təəssüf ki, bunların heç biri məktəblərdə tədris olunan tarix kitablarına daxil edilməyib.

Dərsliklərdə Cümhuriyyət haqda məlumatlar ildən-ilə azalır

Azadlıq radiosu