Uşaqların və böyüklərin bəyaz dünyası

Həyatımızın rəngini dəyişəcək qar arzusu

Fuad Qəhrəmanlı

Dünən Bakıya yağan qar içimdəki xatirələri oyadıb məni uşaqlıq illərimə götürdü. Yəqin ki, hər kəsin qarla bağlı bir uşaqlıq xatirəsi var. Uşaqlar niyə qarı bu qədər sevir, bu suala böyüyəndən sonra cavab tapmağa çalışsaq da illər ötdükcə o məsum və sadə duyğular bizləri tərk etdiyi üçün bu yaşda cavabı yenə də uşaqların özündən soruşub öyrənməli oluruq.

Dünən bunu məhəllədəki uşaqlardan soruşdum, onların bir neçəsini danışdırıb gözlərindəki parıltının, dodaqlarındakı təbəssümün, üzlərindəki sevincin səbəbini sordum bu körpə fidanlardan. Onları danışdırarkən sevdiyim, hər dəfə yoldan ötərkən uzaqdan uzağa gülüşlərinə, ədalarına tamaşa etdiyim, civiıtili səslərinə qulaq verib zövq aldığım bu tanış fidanlardan müsahibə götrürdüm sanki. Onlar da gülə – gülə, sanki bu suallardan əylənirmişlər kimi mənə cavab verdilər. Cavabları qısa və aydın idi, bilirsiniz nə dedilər?

Qar yağanda hər tərəf ağappaq olur, bu onları sevindirir, onlar üçün qarlı dünya daha yumşaq, daha əyləncəli və gözəl olur.

Bu cavablar əslində tarixən yaranmış ideologiyaların, mürəkkəb siyasi, iqtisadi nəzəriyyələrin, ədəbi, fəlsəfi əsərlərin təməl çıxış nöqtəsi idi. Yaşadığımız dünyanın ağappaq olması arzusu gözəl, hüzurlu, xoşbəxt həyat istəyininin rəng simvolizmi ilə ilə ifadəsi deyilmi? Ağ təmizlik rəmzidir, ancaq yazıqlar olsun ki, bu bəyazlıq fonunda bu günkü dünyamız insanların maraqları, hakimiyyət, sərvət ehtirasları, kin, nifrət qəzəb duyğuları ilə qara rəngə bürünmüş görünür. Uşaqların ağ rəngə boyanmış ağ dünya arzusu, əslində insanlığın hüzur axtarışının , xoşbəxtlik arzularının gerçəkləşə biləcəyi ədalətli, azad, qara qüvvələrin hökm etmədiyi bir həyat, cəmiyyət istəyi deyilmi? Elə bütün mütərəqqi ideoloqiyalar, istismara, haqsızlığa qarşı aparılan mübarizələr, paklığı təbliğ edən dinlər xalqların taleyini qaraldan qaydalara qarşı sülh və rifah müjdələyən bəyaz bir dünya vəd etmirlərmi? Bəşər tarixi elə bu arzu ilə milyonlarla insanın həyatı bahasına faciələrin üstündən adlayıb, müharibələrin qan gölündə qəhr olmamaq üçün sülhə can ataraq , müstəbidlərin hökmranlıq ehtirasları ilə çarpışaraq, mürtəce ideologiyaların, gerilikçi zehniyyətlərin buxovlarına qarşı dirənərək , irticia ilə didişə- didişə əsarətin, zülmün zəncirini qıraraq ağ dünya qurmaq arzusu ilə tərəqqi yolçuluğna çıxmayıbmı? Yoxsa bu gün dünyanın qar kimi ağ günə çıxmış hissəsi bizim kimi qara günlülərdən necə fərqlənər, öz keçmişinin qara kabuslar dolaşan vəhşət dolu gerilikçi dönəmlərini necə arxada qoya bilərdi?

Dünən uşaqlar həm də qarı yumşaq olduğu üçün sevdiklərini dedilər. Bu yumşaqlıq yıxılmaq qorxusu olan bu körpələrə daha sərbəst və özgüvənli bir hərəkət imkanı verdiyi üçün onlar qar üstündə yıxılmaqdan, əzilməkdən qorxmadan daha sərbəst gəzə və istədikləri kimi qaça, əylənə bilirlər. Onlar bərk torpaqdan, asfalt örtüklərdən fərqli olaraq bu qarı əlləri ilə ovuclayıb götürə bilirlər, bu zaman özlərini daha güclü hiss edirlər. Onların bir birlərinə atdıqları qartopları heç bir xəsarət, ağrı vermir, yalnız həyacanlandırır, sevindirir, əyləndirir. Qar buna görə sevimli və əyləncəli gəlir onlara. Bəyaz dünya kədəri, sıxıntını unutdurur, yaşama sevinci bəxş edir öz qoynuna aldığı bu körpə sakinlərinə.

Bəs biz böyüklər nə istəyirik? İstədiklərimiz təməldə uşaqların bu bəhs etdiyimiz arzusu ilə eynidir əslində. Həyatda büdrəyəndə, yıxılanda bizi əzilməkdən, yaralanmaqdan qoruyacaq güvəndiyimiz insanlar, söykənə biləcəyimiz ədalət, hər kəsə özünü reallaşdırmağa imkan verən azad fəaliyyət imkanları, sosial siyasəti ilə imdadımlza çatacaq, hər bir möhtaca əl uzadacaq yardımçı dövlət qayğısı biz böyüklərin də də əsas istəyi, yaşamaq istədiyi cəmiyyət arzusudur. Qar öz yumşaqlığı ilə uşaqlara necə güvən, sevinc bəxş edirsə, bax insana çalışmaqda, məqsədlərinə çatmaqda, arzularını təmin etməkdə öz toxunulmaz hüquq və ədaləti ilə, qorunan azadlıqları, rifah içində yaşamağa imkan verən, yaxşı qazanc, maddi imkanları ilə dəstək olan bu cür cəmiyyət də eləcə hər kəsdə yaşamaq sevinci, həyat eşqi və güvən duyğusu yaradır. Belə bir “yumşaq cəmiyyət” də uşaqların yumşaq qar istəyi kimi öz üzvlərinə insan kimi yaşamaq və sevinmək imkanı bəxş edir.

Və biz insanlar da avtoritarizmin, zorakılığın, hüquqsuzluğun, korrupsiyanın, ədalətsizliyin sərt, insanı yıxan, əzən, alçaldan təhdidlərindən, bərkliyindən uzaq olub demokratiyanın, ədalətin, maddi rifahın və qanunların insanı əzməyən yumşaqlığına, humanizminə, sosial komfortuna sığınmaq istəyirik. Sadəcə uşaqların öz sadə məntiq və duyğuları ilə dəyərləndirib sevdikləri o qarın onlara verdiyi güvəncəni biz də eyni səbəbdən cəmiyyət həyatı ilə bağlı demokratiya, azadlıq, iqtisadi inkişaf, sosial təminat, ədalət kimi daha yetkin anlayışlarla ifadə edirik. Və bu anlayışların nə zaman ağ qar kimi həyatımıza yağıb bizi sevindirəyi arzusu ilə yaşayır və ümid edirik.