İşsiz tibb bacıları. ‘Pandemiya vaxtı qazancımız yaxşı idi’

“Azərbaycan Tibb Universitetindən ilk dəfə gələn il (2024-cü il) 30-dan çox tibb bacısı məzun olacaq və iş axtarmağa başlayacaq. Yəqin ki, tapa bilməyəcək. Beş ildir kollec bitirən, tibb bacısı olan mən də iş tapa bilmirəm. Dövlət bu qədər tibb bacısının yetişməsinə pul ayırır, amma sonra onların iş ilə təmin edilməsi mümkün olmur”, – bunu AzadlıqRadiosuna iş axtaran onlarla tibb bacısından biri – Aytən Abbasova deyir.

Dövlət Statistika Komitəsi 2023-cü ilin əvvəlinə ölkədə 38 min 479 tibb bacısı olduğunu açıqlayıb. Buraya yalnız dövlət tibb müəssisələrində çalışanlar daxildir, özəl xəstəxanalarda işləyənlərin dəqiq statistikası yoxdur. Bununla paralel, hər il yüzlərlə tibb bacısı orta-ixtisas təhsili müəssisələrindən məzun olur və onların sayı hər ötən il artır. Məsələn, 2021-ci ildə 794 nəfər məzun olmuşdusa, bu rəqəm 2022-ci ildə 909-a bərabər idi. 2020-ci ildən ölkədə ali tibb təhsili verən tək universitet də tibb bacısı ixtisasını yaratdı. Tibb Universitetində bu ixtisas üzrə 100-ə yaxın tələbə təhsil alır. Bundan savayı, universitet və kolleclərlə yanaşı, ölkənin müxtəlif bölgələrində tibb bacısı ixtisası bilgiləri öyrətməyi hədəfləyən 50-200 manatlıq kurslar mövcuddur.

Dörd il təhsil al, sonra…

A.Abbasova düşünür ki, ölkədə tibb bacılarının sayı artdıqca bu sahədə işsizlik problemi dərinləşir, özü kimi yüzlərlə gənc işsiz qalır. O, məzun olduqdan sonra iş üçün bir sıra tibb ocağına CV (iş ərizəsi) göndərib, amma heç birindən cavab almayıb.

“Dövlət xəstəxanaları kurs keçənləri götürmürdü. Amma özəl klinikaların bəzilərində üç aya tibb bacısı olanlar işə götürülürdü, biz qalırdıq kənarda. Yalnız qohum-qonşu işinə yarayıb, ayda bir dəfə iki sistem köçürüb üç-beş manata möhtac idim”, – Abbasova gileylənir.

Abbasova 24 keçmiş qrup yoldaşından 17-sinin də işsiz olduğunu deyir, hər il yüzlərlə tibb bacısı yetişdirməyə xərc çəkən dövlətin onları işlə təmin etməsini vacib sayır.

Azadlıq radiosu