Azərbaycanda aylıq adambaşına düşən xərclər 55 manat artıb

Dövlət Statistika Komitəsinin (DSK) bilgilərinə görə, bu ilin ilk 9 ayında topdansatış şəbəkəsində ayda əhalinin hər nəfərinə düşən ortalama alış-veriş məbləği 448 manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 393 manat idi. Deməli, son bir ildə adambaşına düşən pərakəndə ticarət xərcləri 55 manat və ya 14 faiz yüksəlib. Rəsmi rəqəmlərə görə, Azərbaycanda aylıq adambaşına ərzaq xərcləri son bir ildə 221 manatdan 251 manata qalxıb. Başqa deyimlə, 30 manat və ya 14 faiz çoxalıb. Əhalinin qeyri-ərzaq xərcləri isə eyni müddət ərzində 171 manatdan 196 manata yüksəlib. Bu da aylıq 25 manat və ya 15 faiz artım deməkdir.

Adambaşına xərc 100 manatdan çox, amma gəlir 27 manat artıb

2021-ci ilin eyni dövrü ilə müqayisədə adambaşına xərclər daha çox artıb. İki il öncə ilə müqayisədə indi Azərbaycanda əhalinin adambaşına orta aylıq xərci 111 manat və ya 33 faiz daha yüksəkdir. Bu da son illərdə Azərbaycanda qeydə alınan yüksək inflyasiyanın xərcləri nə qədər çox artırmasının göstəricisidir. Daha bir diqqətçəkən məqam eyni müddət ərzində əhalinin gəlirlərindəki artımın daha aşağı olmasıdır. DSK-nın keçirdiyi sorğuya görə, ilk yarımildə ölkə əhalisinin əsas hissəsinin yaşadığı Bakıda adambaşına orta aylıq gəlir 349 manat olub. 2021-ci ilin eyni dövründə bu göstərici 322 manat idi. Deməli, son iki ildə adambaşına düşən aylıq xərclər 100 manatdan çox artdığı halda, adambaşına düşən gəlirdəki artım cəmi 27 manatdır.

Azadlıq radiosu