Bakıdakı tullantı sularının 40 faizi təmizlənmədən ətrafa axıdılır

“Təsəvvür edin ki, Bakı kimi şəhərin 40 faiz tullantı suları mərkəzləşmiş təmizlənmədən keçmədən ətrafa axıdılır. Söhbət 1 milyon kubmetr sudan gedir (günlük)”. Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə dilə gətirib. O, bir müddət öncəki açıqlamasında da bildirmişdi ki, təkcə Abşeron yarımadasından Xəzər dənizinə gündə 1 milyon kubmetr çirkli su axır. Bunu ölkə ərazisində Xəzər dənizinin sahili boyunca şimaldan cənuba doğru götürsək, həmin rəqəm iki dəfə artır.

Abşeron yarımadasında çirkab sularının təmizlənmədən axıdılmasının əsas səbəbləri ölkədə kollektorun və kanalizasiyaların yetərsizliyindən qaynaqlanır. Ölkə əhalisinin təxminən yarısının yaşadığı Abşeron yarımadasının önəmli bölümündə mərkəzləşmiş kanalizasiya qurğuları mövcud deyil. Olanların da bir hissəsi ya köhnəlib, ya da normativlərə uyğun təmizlənməni təmin etmir. Bütün bunların nəticəsində həm insanların sağlamlığı, həm də Xəzər dənizinin ekoloji durumu risk altında qalır.

Çirkab sularını təkcə özəl şirkətlər deyil, dövlət şirkətləri də təmizlənmədən Xəzərə axıdır. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin bu ilin iyulunda yaydığı məlumatda bildirilirdi ki, SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodundan tullantı suların torpaq kanal vasitəsilə Sumqayıtçaya, oradan da təmizlənib-zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı müəyyənləşdirilib. Tullantı sularından götürülən nümunələrin analiz nəticələri zərərli maddə miqdarının normadan artıq olduğunu üzə çıxarıb.

Azadlıq radiosu