Azərbaycan 300 nəfəri axtarışa verib

Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı 300 nəfəri axtarışa verib.

Bu barədə Baş prokuror Kamran Əliyev oktyabrın 1-də açıqlama verib.

O, 103 cinayət işinin başlanıldığını bildirib: “Həmin cinayətlərin törədilməsində iştirak edən 300-dən çox şəxs axtarışa verilib”.

Bu məlumata, hələlik, Ermənistanın rəsmi qurumları və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Xankəndidə qeydiyyat işləri aparılır

“Azərbaycan Dövlət Miqrasiya Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar”. Bunu oktyabrın 1-də Prezident Administrasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır.

Qarabağdan Ermənistana ‘axırıncı avtobus’un çatdığı bildirilir

Qarabağdakı rejimin “ombudsmana”ı Qeqam Stepanyanın sözlərinə görə, bazar günü Qarabağdan Gorisə qaçqınlarla dolu sonuncu avtobus çatıb. Avtobusa 15 nəfərin olduğu deyilir. Stepanyan deyib ki, könüllülər kənar, kömək olmadan evdən çıxa bilməyənlərə yardım ediblər. O, Qarabağda qalmış tənha, köməksiz şəxslər barədə bilgisi olanları Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlamağa çağırıb.

Ermənistan hakimiyyətinin məlumatına görə, oktyabrın 1-i axşamadək ölkəyə 100 min 514 məcburi köçkün gedib. İlin əvvəlinə Qarabağ əhalisinin sayının 120 min nəfər olduğu bildirilirdi. Ancaq dəqiq məlumat yoxdur. Keçmiş rejim rəsmiləri hazırda regionun praktik olaraq boşaldığını deyirlər.

İşçi qrup Xankəndiyə səfər edəcək

“Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub”. Bu barədə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov bildirib.

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.

Bir müddət öncə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.

Azərbaycan Sərsəng su anbarına nəzarət edir

Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, artıq Sərsəng su anbarı da Azərbaycanın nəzarətinə keçib. “Su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir”, – məlumatda vurğulanır.

Tərtərçayın üzərində tikilən Sərsəng su anbarı 1976-cı ildə istifadəyə verilib. Anbarın ümumi həcmi 565 milyon kubmetr dəyərləndirilir. Sahil xəttinin uzunluğu 50.25 kilometrdir.

Sentyabrın 28-də Qarabağdakı tanınmayan qurum yanvarın 1-dək fəaliyyətini dayandıracağını açıqlayıb.

Azadlıq radiosu