Yeni qanun dövlət satınalmalarına şəffaflıq gətirəcəkmi?

Avqustun 19-da prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Qanunun yeni redaksiyada tətbiqi barədə fərman imzalayıb. Bu qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyənləşdirir. Yeni qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Onun hazırlanması iki ildən çox vaxt alıb.

Hər il Azərbaycanda dövlət satınalmalarına böyük həcmdə vəsait xərclənir. Məsələn, ötən il belə satınalmalarının toplam dəyəri 6 milyard 779 milyon manat olub. Başqa deyimlə, 32 milyard manatlıq ötənilki büdcənin 7 milyard manata yaxını – 20 faizindən çoxu dövlət satınalmalarına xərclənib. İctimai vəsaitlərdən satınalmalara bu qədər böyük məbləğlərin sərfi həmin ödənişlərin şəffaflığı ilə bağlı haqlı suallar doğurur. Di gəl, Azərbaycanda, bir çox digər sahədə olduğu kimi, dövlət satınalmalarında da şəffaflıq və hesabatlılıq istənilən səviyyədə deyil. Bu üzdən, bir çox dövlət qurumu büdcə vəsaitlərini səmərəsiz xərcləyir. Büdcə vəsaitlərinin necə xərclənməsinin auditini aparan Hesablama Palatası hər il bu xərclərin istifadəsində yol verilən çoxsaylı pozuntulara diqqət çəkir.

Ötən il Azərbaycanda dövlət satınalmalarının 35.4 faizi bir mənbədən satınalma yoluyla gerçəkləşdirilib. Deməli, rəqabətsiz ortamda baş tutub. Məbləğ baxımından bir mənbədən satınalmaların toplam xərclənən vəsaitdəki payı 33.6 faiz olub.

Yeni qanunda nələr var?

Yeni qanunda dövlət satınalmalarının yalnız portal vasitəsilə aparılması, təklifləri çoxaltmaqdan ötrü elanların portalda yerləşdirilməsi, məxfi bilgilərlə bağlı satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarda gerçəkləşdirilməsi nəzərdə tutulub.

Bu qanuna əsasən, hər hansı rezident və qeyri-rezident təchizatçı ölkədə keçirilən satınalmalara qatıla biləcək. Satınalma komissiyası təchizatçıların satınalmalara qatılmasına bu qanuna əsasən öncədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, eləcə də onların arasında ayrıseçkilik yaradan tələb, meyar və prosedurlar müəyyənləşdirə bilməz.

Dövlət satınalmalarına qatılmaq üçün sənəd və ya bilgilərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkünsə, həmin sənəd və ya bilgilər təchizatçıdan tələb edilməyəcək.

Ehtimal olunan qiymət 100 min manat və daha çox olarsa, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilməlidir. Ehtimal olunan qiymət 100 min manatdan az olarsa, satınalmalar kotirovka sorğusu metodunun tətbiqi ilə keçirilə bilər. Qiymətlər nə qədər olsa da, bu satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilməlidir:

– qapalı tender metodu;

– bir mənbədən satınalma metodu;

– çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları.

Azadlıq radiosu