İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı
Azərbaycanın strateji valyuta ehtiyatları son 1 ildə 10 mlrd. manat artaraq 62,5 mlrd. dollara (01.04.2023) çatıb. Bunun 53,4 mlrd. dolları ARDNF-nun və 9,1 mlrd. isə AMB-ın ehtiyatlarıdır.
Mediaya göz gəzdirirəm və görürəm ki, bunu sərvətlərimızın artması kimi yazırlar. Amma əlim çatmır ki, həmin jurnalistlərə sorğu göndərim ki, bunu niyə sərvət adlandırırsınız.
Sərvətlə pulun, o cümlədən valyuta ehtiyatlarının iqtisadi məna yükünü fərqləndirmədən bunu necə yaza bilirsiniz…
Canınız sağ olsun, amma düz yazmırsınız.
Məcburam ki, əksini izah edim.
Ritorik sualım yaranır: bir insanın başına qəfildən pul yağsa, onu zəngin birisi sayarsınızmı? Təbii ki, xeyr!
Çünki qəfil yağan pul “yağışı” sizin uzun illər həll olunmamış ehtiyaclarınızın “yamaq-yırtıqlarını” tutacaq. Boş nöqtələrinizi dolduracaq. Sonra isə bir az pulun kefin çıxarmaq istəyəcəksiniz.
Heç bir gəlir mənbələriniz olmadığı halda həmin puldan sərvət yarada bilməyəcəksiniz. Əksinə həmin pulu xərcləməyə həvələnəcəksiniz.
Valyuta ehtiyatlarından zaman-zaman istifadə olunursa, onda üstü “ərimiş” olur. Yox, əgər sərvət yaratmaq istəyiriksə, onda ona yanaşmamız fərqli olmalıdır. Çünki sərvət və pul (valyuta) anlayışları eyni deyildir. Sərvət pulun miqdarı ilə ölçülmür. Zamanla ölçülür.
Ola bilər ki, sizin sərvətiniz olar, amma onu sürətlə xərcləmək kimi bir daxili lüksunuz da yüksəkdir. Daim konfort zanasında qalmaq istəyirsiz. O zaman siz əlinizdə olan 10 min manatı ayda 1000 manatın xərcləməklə sərvət hesab etdiyiniz “dağı” əridəcəksiz.
Bu o deməkdir ki, sizin sərvət saydığınız ehtiyatınız cəmi 1 ilə bərabər imiş. Halbuki iqtisad elmi sərvəti sizin hansı zaman müddəti üçün sağ qalmaq qabiliyyətiniz kimi xarakteriza edir.
Əslində, gəlin bir izahı bir qədər dərinləşdirək. Sərvət bu günkü həyat təcrübəniz zənginliyi, üstəgəl gələcək günlərin sayı ilə ölçülürü ki, bu da həmin təcrübə səviyyəsi hesabına yaşamağa davam etmək potensialımızın olması deməkdir.
Biz özümüzə sual verdikmi: təbii resurs gəlirləri hesabına yarada bildiyimiz ehtiyatlarımızın kənarında bizim hansı mənbələrdən ehtiyat və sərvət yaratmaq təcrübəmiz var?
Bu suala cavab da hər şeyin öz adı ilə qulağınıza çağrıldığını eşidəcəksiniz…