Yazıçı- filosof Əlica Nicat hətta sosial xərcləri də ödəyə bilmir

Qənimət Zahid

Yazıçı- filosof Əlica Nicatın hətta sosial xərcləri də ödəyə bilməməsi günün mövzusudur.
Adamlar ya hökuməti ittiham edirlər ki, niyə ziyalı bir adam bu vəziyyətdə yaşamalıdır, ya da cəmiyyətə səslənirlər ki, niyə bu cür adamlara dəstək yoxdur.
Problemin kökü bir qədər dərindir və hətta fəlsəfidir.
Azərbaycanda oxucu auditoriyası yoxdur.
100 kitabın müəllifi niyə bu durumda olmalıdır sualının bir ümumi cavabı var, o da elə budur.
Ölkədə oxucu yoxdur.
Ciddi ədəbiyyatın oxucusu yoxdur. Oxucu vərdişləri darmadağın edilib. Mətbuatın məhv edilməsi azərbaycanılıları «sosial şəbəkə cəmiyyəti»nə çevirib. Burda isə yazı mədəniyyəti, oxu mədəniyyəti, dil və konseptual təfəkkür qıtlığı var, arqumentləri təhdid və ya söyüş əvəz edir, mübahisələri virtual münaqişələr əvəz edir.
Günah, əlbəttə, hakimiyyətin üzərindədir.
Təhsilin anasını ağladıb.
Mətbuatı məhv edib.
Kitab bazarını sıradan çıxarıb.
Ciddi mövzuları təqib edərək bayağı trendlər yaradıb.
Ədəbiyyatda, incəsənətdə, təhsildə, medyada nə qədər mümkündürsə bayağılığı təlqin edərək, apolitik və düşük, amma ağrısız cərəyanlara meydan verib.
Siyasətin böhranını yaradıb.
İdeoloji boşluq yaradıb.
Ciddi, bilik verən, ağıl verən, düşüncəni vacib edən kitabları kim oxuyacaq ki?
Yazıçı ya hakimiyyətin süfrəsinin qırıntılarını yeyib sifətini parıldatmalıdır, ya da soyuqdan büzüşüb göyərməlidir. Guya hakimiyyətin süfrəsinin qırıntılarını qurtuluş epizodları kimi seçən yazarların kitablarını oxuyan var?
Bu böyda ölkədə cəmi 5-6 min kitab oxucusu var, bundan beş-altı dəfə az qəzet oxucusu.
Hakimiyyət bütün bu illər ərzində qeyri-ciddi mövzuların «homo- korrupsikuslar»ından ibarət bir toplum yaradıb. Homo- korrupsikuslar yalnız hansısa səfərbərlik axınlarında fəallaşırlar. Qalan vaxtlarda onlar üçün ölkənin maraqları, millətin prioritetləri deyilən nəsnələr aktual olmur.
Homo- korrupsikuslar korrupsiyalaşmış cəmiyyətlərin fərdləridir. Onlar yaşamaq üçün aldadarlar, rüşvət alarlar, rüşvət verərlər, oğurlayarlar, dalaşarlar, bıçaqlaşarlar, söyüşərlər, amma kitab oxumazlar, qəzet bilməzlər.
Əlisa Nicat bunları bacarmaz, o, homo- korrupsikus deyil, ona görə də soyuqdan ölməlidir.