Saleh Rüstəmov güclə yeriyir, sözlərini unudur

Vəkil Bəhruz Bayramov bu gün, noyabrın 23-də Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovla görüşüb.

Bu barədə AzadlıqRadiosuna vəkil Bəhruz Bayramovun özü məlumat verib: “Şüşə arxasından cəmi 5-6 dəqiqə görüşdük”.

Vəkil qeyd edib ki, S.Rüstəmovun vəziyyəti pisdir: “Güclə yeriyir, sözlərini unudur. Həkim vəziyyətinin pis olduğunu və müdaxilə etməyə məcbur olduqlarını dedi. Saleh Rüstəmov isə buna qəti etiraz bildirdi”.

Saleh Rüstəmov 18 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətindən, qurumun müalicə müəssisəsindən və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Vəkil Saleh Rüstəmovla danışıb

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun səhhətinin günlər keçdikcə ağırlaşdığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, bu gün, noyabrın 22-də Penitensiar Xidmətinin Müalicə Müəssisəsində artıq 17-ci gündür aclıq aksiyası keçirən S.Rüstəmova vəkil Bəhruz Bayramov baş çəkib: “Onlar şüşə arxasından telefonla danışıblar. Saleh bəy son dərəcə halsız olub, qırıq-qırıq səslə, güclə danışıb. Cəmi 10 dəqiqə dayana bilib. Deyib ki, aclığı davam etdirəcək…”.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Son günlər bir sıra hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri S.Rüstəmovun azadlığa buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət ediblər. Onlar qeyd ediblər ki, S.Rüstəmovun ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında xidmətləri olub. Hələlik, bu müraciətlərə də Prezident Administrasiyasından hər hansı münasibət bildirilməyib.

Yaxınları Saleh Rüstəmovdan narahatdır

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun keçirdiyi aclıq aksiyasının artıq onun orqanizmində fəsadları verməyə başladığı bildirilir.

Bu barədə onun ailə üzvləri məlumat yayıb.

Onların sözlərinə görə, artıq 13 gündür aclıq aksiyasını davam etdirən S.Rüstəmovun qan təzyiqi aşağı düşüb, bədənində ağrılar var: “O, artıq 15 kilo çəki itirib, nəbzi yüksək sürətlə vurur, ağzı yara içindədir. Dünən, noyabrın 17-də qardaşları ilə görüş olub, artıq yanına gəlməməyi tapşırıb”.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və onun hazırda yerləşdirildiyi müalicə müəssisəsindən münasibət öyrənmək mümkün olmayıb.

Azadlıq radiosu