Ərdoğan niyə Putini “müdafiə” etdi?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Türkiyə prezidenti Ərdoğan Baydeni Putin haqda dediyi “qatil” ifadəsinə görə qınayıb. Ərdoğanın bu mövqeyi Azərbaycan cəmiyyətində bir mənalı qarşılanmadı. Çünki ilk baxışda elə təəssürat yaranıb ki, sanki Ərdoğan ABŞ-a qarşı Putini müdafiə edir. Azərbaycan cəmiyyətində Ərdoğanın ölkə içi siyasətinə müxalif olanlar, məsəlləri bəzən bir birinə qarışdıraraq, onun xarici siyasətdə Türkiyənin dövlət maraqlarını məharətlə təmin etdiyini, strateji yanaşma ortaya qoyduğunun fərqində ola bilmirlər.
Ancaq diplomatiyanın incəliklərini çox yaxşı bilən Ərdoğanın bu mövqeyi, nəinki Putini müdafiə etmək məqsədi güdmür, əksinə, Rusiya qarşısında Türkiyənin mövqelərinin güclənməsinə xidmət edir.
Necə?
Aydındır ki, Rusiyaya qarşı Türkiyənin mövqelərinin güclənməsi daha çox ABŞ və digər NATO müttəfiqlərinin dəstəyindən asılıdır. Bu dəstəyin alınmasının iki yolu var:
Türkiyə ya güzəştlər yolu tutub “sözə baxan uşaq” kimi ABŞ-n Rusiyaya qarşı siyasətində ona ayrılan rolu ifa etməlidir, ya da ki, öz maraqlarını qəbul etdirməklə ABŞ və digər Qərb müttəfiqləri ilə əməkdaşlıq etməlidir.
Ərdoğanın məlum açıqlaması Türkiyənin ikinci yolu seçdiyini göstərir. O bu yolla Baydenə Türkiyənin maraqları nəzərə alınmayacağı təqdirdə, ABŞ-n Rusiya ilə bağlı siyasətinə dəstək verməyəcəyi mesajını verir. Türkiyənin dəstəyi olmadan ABŞ Orta Şərqdə və postsovet ölkələrində Putininin ekspansiya siyasətinə effektiv müqavimət göstərə bilməyəcək.
İndiki halda Türkiyə ABŞ-dan üç əsas məsələ ilə bağlı maraqlarını nəzərə almağını istəyir.
İlk növbədə ABŞ Suriyada YPG-PKKA silahlı birləşmələrinə dəstəyini kəsməli və Suriya hava məkanını Rusiyanın nəzarətindən çıxarmaqda Türkiyəyə yardım etməlidir.
Digər mühüm istiqamət S-400 komplekslərini bloklamağa razı olan Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsidir.
Türkiyə üçün önəmli məsələlərdən biri də F – 35 beşinci nəsil qırıcı təyyarələrin istehsalı proqramına geri qaytarılması və əvvəlki razılaşmaya uyğun olaraq 100 təyyarə alınmasıdır.
Əgər Ərdoğan Rusiya vasitəsilə ABŞ-a bu məsələlərdə təzyiq göstərib istəklərinə nail olarsa, bu Türkiyənin strateji uğuru olacaq. Növbəti mərhələdə isə NATO nun dəstəyi ilə sıxışdırılan Rusiya qarşı duracaq Türkiyə Orta Şərqdə və postsovet məkanında öz təsir dairəsini daha da böyüdəcək.