Mingəçevir sakini həkim dələduzluğunun qurbanı olub


Şikayətçi xanım klinika rəhbərini saxta diplom alverində ittiham edir


“Mingəçevir şəhərində fəaliyyət göstərən “Avromed” klinkasının rəhbəri saxta diplom alveri ilə məşğuldur”.
Bu iddiaları “azadliq.info”ya müraciət edən Mingəçevir şəhəri, H.Əliyev pr., 40, mənzil 18-də yaşayan Vəfa Zeynalova səsləndirib. Onun sözlərinə görə, “Avromed” klinikasının rəhbəri, eyni zamanda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim işləyən Şıxəli Aşurov onun etibarından sui-istifadə edərək Gürcüstan Respublikasında (məlumat üçün bildirək ki, Ş.Aşurov əslən Gürcüstandandır – A.) fəaliyyət göstərən Beynəlxalq İctimai Kollecə qəbul adı altında aldadıb və ona 6500 ABŞ dollar maddi ziyan vurub. Saxtakarlıq faktı Gürcüstanda təhsilini başa vurub qayıdan Vəfa Zeynalovanın diplomun tanınması ilə bağlı müraciət zamanı ortaya çıxıb.


Şikayətçi xanım bununla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova müraciət ünvanlayıb. Müraciətdə V.Zeynalova qeyd edir ki, mərhum həyat yoldaşı Qarabağ qazisi olub. Himayəsində iki övladının olduğunu vurğulayan şikayətçi aldadıldığını və 6500 ABŞ dolları məbləğində pulunun mənimsənildiyini bildirir: “Mənə qarşı bu əməli törədən Mingəçevir şəhərində yerləşən “Avromed” klinkasının rəhbəri Şıxəli Ramazan oğlu Aşurovdur. Belə ki, ailəmizin öncədən tanıdığı Ş.Aşurov tibbi təhsil almaq istəyimi bildiyi üçün mənə kömək edə biləcəyini dedi. 2014-cü ildə məndən Gürcüstan Respublikasında fəaliyyət göstərən Beynəlxalq İctimai Kollecin Tibb bacısı ixtisasına qəbul üçün 3500 ABŞ dolları aldı. Ödənişli olduğundan oxuduğum müddətdə təhsil haqqı kimi Ş.Aşurova müxtəlif vaxtlarda – 10.02.2014-cü il tarixdə 1500 ABŞ dolları, 15.12.2014, 20.04.2015 və 15.05.2015-ci il tarixlərin hər birində 500 ABŞ dolları (cəmi 1500) məbləğində pul vermişəm. O da öz növbəsində mənə gürcü dilində yazılmış və üzərində möhür olmayan pul qəbzləri təqdim edib. Ş.Aşurovu uzun illərdir tanıdğımdan ona inanmışam. Təhsilimi başa vurduqdan sonra mənə verilmiş diploma “Tibb bacısı” ixtisası yox, “Kiçik tibb bacısı” yazıldığını gördükdə etiraz etmişəm. Bunu Şıxəli Aşurova və bu işlərdə ona yardım edən dostu Mustafa adlı şəxsə bildirmişəm. Onlar müxtəlif bəhanələr gətirərək əlavə 6 ay da təhsil almağımı və “Tibb bacısı” ixtisasının veriləcəyini dedilər. Aldadıldğımı başa düşdüyümdən məndən aldığı pulların geri qaytarılmasını xahiş etmişəm. Ancaq o, hər dəfə müxtəlif bəhanələrlə məni yol verməyə çalışıb və pulu qaytaracağını desə də, bu, baş verməyib. Məcbur olub Ş.Aşurovdan Mingəçevir şəhər Polis Şöbəsinə rəsmi şikayət etmişəm. Lakin müstəntiq Tahir Şirinov məni dəfələrlə aldadan və nəticə etibarı ilə pulumu mənimsəyən Şıxəli Aşurov və onun bu işdəki dostları barəsində araşdırma aparmaq əvəzinə cinayət işinin başlanmasını rədd etdi. Maddi imkanları geniş olan Ş.Aşurovla “anlaşan” T.Şirinov hər cəhdində məni günahkar çıxarmağa çalışdı (qeyd edim ki, işində yol verdiyi nöqsanlara görə müstəntiq Tahir Şirinov artıq Mingəçevir polisindən uzaqlaşdırılıb). Halbuki mən atasız böyütdüyüm övladlarımın boğazından kəsib, borca girib, faizə pul götürüb ona vermişdim. Belə də vicdansızlıq, özbaşınalıq olarmı?”
Şikayətçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovdan müraciətdə sadaladığı halları, məruz qaldığı dələduzluğu, Qarabağ qazisi olan həyat yoldaşının vəfatını nəzərə alaraq Şıxəli Aşurovun ondan aldığı 6500 ABŞ dolları məbləğində pulun geri alınması üçün kömək göstərilməsini xahiş edir.
Əlavə edək ki, şikayətçi V.Zeynalova Ş.Aşurovun əməlləri ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət ünvanlayıb. Hətta adıçəkilən idarədə bununla bağlı izahat da verib. Lakin 3 aya yaxın müddət ötsə də, hələ ki, heç bir nəticə yoxdur.


V.Zeynalovanın səsləndirdiyi ittihamlarla bağlı “Avromed” klinkasının rəhbəri Şıxəli Aşurovun mövqeyini öyrənmək istəsək də, bu mümkün olmayıb. Öyrənib bildiyimiz bu oldu ki, Ş.Aşurovun rəhbərlik etdiyi klinikada özünün təşkil etdiyi saxta diplomlarla çalışan bir neçə tibb işçisi var. Bu diplomlar ölkəmizdə tanınmadığından həmin şəxslər dövlətə məxsus tibb müəssisələrində çalışa bilmirlər.
Yazıda adı keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırırq.
Azər