
Təbrizin Traktor klubunun İdarə Heyətinin sədri Abbas İlyasi İran Teleradio Qurumunun sədri Əli Əsgəriyə məktub ünvanlayıb. Məktubda televiziya proqramlarında Traktor komandası və türklərə qarşı sərgilənən ayrıseçkilik və “aparteid” anlayışına etiraz bildirilib.
Abbas İlyasinin məktubunun tam mətni İranın yarı-rəsmi Mehr xəbər agentliyinin saytında dərc edilib.

Traktor komandası və azarkeşlərinin məruz qaldığ “pantürkist” damğasını önə çəkən İlyasi yazıb ki, “bizi pantürkist və bölücü olmaqda günahlandırırlar. Sizin idarə etdiyiniz qurumun idman üzrə şərhçiləri və aprıcları da bu növ yanaşmalara dəstək verirlər. Bu çirkin damğa üzündən bizim öz haqqımızdan imtina etməyimizi gözləyirlər.”
Məktubda yazılanlara əsasən, İran televiziyasında idman aparıcıları və şərhçilərin qərəzli münasibətinə son qoyulana qədər, Traktor klubu matçlarının televiziyadan canlı yayımlanmasına icazə verməyəcək.
Traktor məsulunun məktubunda komandaya qarşı bir “aparteid” anlayışından bəhs edilib:
“İran Radio və Televiziya Qurumu bütün sahələrdə ölkənin etnik icmaları arasında birliyin təmin olunması üçün çalışmalıdır. Amma, son illər yayımlanan müxtəlif proqramlarda görünür ki, bəzi aparıcılar və şərhçilər buna riayət etmirlər və etnik icmaların birliyinə ziyan vururlar. Onlar qərəzli bir şəkildə bütün etnik icmalara aid olan milli mediadan sui-istifadə edirlər. Xəbər sahəsində bəzi komandaların lehinə aparteid anlayışı hakim olub.”
Abbas İlyasi məktubunda “qanunlara tabe olan türk toplumunun” bu növ “haqsızlıqlara layiq olmadığını” vurğulayıb.
Traktor klubunun İdarə Heyətinin sədri həmçinin Traktor komandasının tərəfdar sayısına görə dəfələrlə dünya rekorduna imza atdığını önə çəkib:
“Keçən iki ildə matçlarının izləyici sayısına görə dəfələrlə dünya rekorduna imza atan Traktor İran televiziyasında paytaxt komandaları qədər yer almır. Traktor komandası 30 milyon tərəfdara sahib deyil mi? Əlbəttə xatırlatmaq lazimdir ki, Traktor İranda beynəlxalq azarkeşləri olan yeganə komandadır. Ölkəmiz Traktorun bu qabiliyyətindən də yararlanmalıdır.”
İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan Traktor klubu ölkədə türk kimliyinin simvolu kimi dəyərləndirilir. Klubun Türkiyə və Azərbaycan Respublikasında da xeyli tərəfdarı var. Traktor komandası Türkiyə mediasında “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.
Amerikanın səsi