Ölkədə kadrlar krizisi yaşanır

Əilyevlərin və Paşayevlərin kadrlar krizisi. İlham Əliyevin rüşvətxor icra başçıları

Anlaşılan odur ki, Ağstafa və Yevlax rayonlarının icra başçıları həbs olunandan sonra bütün icra başçılarının canına vəlvələdüşüb. Sosial şəbəkələr kabinetdən çıxıb xalqla qucaqlaşan, şəhid anasının əlini öpən, rayonun 100 yaşlı sakinini evində təbrik edən icra başçılarının fotoşəkilləri ilə dolub daşır. Əslində isə, ölkənin bütün icra başçıları bir-birinə bənzəyir. Elə deputatları da. Gündəm həbs məsələsi olsa, onların hamısını ölkə həbsxanaları tutmaz. Çünki məmurlu, deputatlı hamısı eyni çirkabın içindədirlər. Bu günə kimi öz rayon rəhbərindən, rayon deputatından razılıq edən bircə insana da rast gəlmədik. Bu kadrları o postlara kim təyin edib, görəsən? Amerikadan ixrac etməyiblər, hər halda. Marsdan, Aydan da göndərməyiblər. Aşağı-yuxarı hamısı eyni tipdir, hamısı rayondakı idarə-müəssisələrdən aylıq xərac yığır, öz biznes obyektlərinin sayını artırır, rayondakı boş torpaqları yaxınlarının adına keçirir, yuxarıların aylıq haqq-hesabını da ötürüb rahatca işinə davam edir. O iki rayon başçısının nədən güdaza verildiyi haqqında müxtəlif versiyalar var. Amma məsələnin kökündə hər nə dayanırsa, o rüşvət söhbəti deyil. Böyük ehtimalla işin içində klanlararası savaşın qığılcımları var. Və bu adamları həmin vəzifələrə başqası yox, İlham Əliyev özü təyin edib. Adamlar illər boyu elə bu şəkildə  işləyiblər, hələ prezidentdən orden, medal da alıblar. İndiki həbslər də seçkiqabağı şoudu ki, başqa bir şey deyil…

Əliyevin kadr siyasətinin üzü Aqil Nəzərli

Ölkənin bugünkü acınacaqlı durumunu Əliyevin rüşvətxor kadrları yaradıb. Sosial şəbəkələrdə Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli haqqında maraqlı bir dosye paylaşılıb. Dosyenin qısa xülasəsi belədir: 43 yaşlı icra başçısı 1993-cü ildə ali məktəbə test imtahanından kəsilib, testdən kənar qanunsuz yolla özəl ali məktəbə daxil olub. Ali təhsil haqqında diplomu dövlət nişanlı deyil. Hərbi xidmətdə olmayıb. Laçın rayonu işğal olunanda A. Nəzərli Bakıda olub. Ömrü boyu Laçın rayon İcra Hakimiyyətindən başqa heç yerdə işləməyib. İllər öncə birbaşa şöbə müdiri vəzifəsinə təyinat alıb, daha sonra başçının müavini işləyib. 2016-cı ildən icra başçısıdır. 35 yaşında imtahansız, xüsusi göndərişlə Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Sizcə, bu adamı rayona kim icra başçısı təyin edib, təqdimatını, sərəncamını kim verib? Bax, Əliyevin kadr siyasətinin simvolu və üzü Aqil Nəzərlidir. Onun kadrlarının təxmini CV bioqrafiyası elə belədir. Əliyevin utanmadan xalqa nümayiş etdirdiyi o kabinet səhnələri də onun 16 illik hakimiyyəti sayəsində ssenariləşib. Guya o kameranı hansı icra başçısının kabinetinə quraşdırsaydılar, ortaya bənzər səhnələr çıxmayacaqdı ki?

Paşayevlərin kadrları qarşı tərəfi niyə özündən çıxarır?

Son həbslərlə bağlı fikir bildirənlərin çoxu bunun klanlararası savaşın nəticəsi sayır. Yəni köhnələr Mehriban Əliyevanın yeni kadrlarını istəmir, Əliyeva da tezliklə onlardan canını qurtarıb öz komandasını formalaşdırmağa tələsir. Məlum həbslərdən sonra keçmiş PA rəhbərinin. ilin tədaüdçusu nominasiyasını almış akademikin, mediada yayılan mesajı da təsadüfi deyildi: “Rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksionerin gəlməsi həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi problemlər yarada bilər. Hətta bu sistemə qoşulmuş yüksək təhsilli kadrın zəruri keyfiyyətləri yoxdursa, o, dövlət idarəçiliyi prinsiplərinə öz yanaşmalarını tətbiq edə bilər. Bu, inkişafın siyasi kursuna mənfi təsir göstərəcək. Bu isə həm arzuedilməz, həm də bütövlükdə yolverilməzdir”.

Mesajın vitse-prezident xanımın kadrlarına ünvanlandığı aydındır. Xalq İlham Əliyevin rüşvət torbasına dönmüş antipatik kadrlarından çoxdan qurtulmaq istəyir. Bu, öz planlarını tamamlamaq istəyən xanım Əliyevanın da işinə yarayır. Çünki onun seçdiyi kadrlar köhnə komandanın bozarmış üzləri ilə müqayisədə daha müasir, daha simpatik və daha çəkici  təsir bağışlayır. Amma bu, Əliyevanın öz komandası ilə rüşvətsiz bir sistem qurmaq planınamı işarə edir? Əsla. Ölkənin bütün sərvətlərini Paşayevlər klanının əlində cəmləşdirmiş diktator xanımdan bunu gözləyəcək qədər sadəlövh deyilik. Hər kəs də bilir ki, son vaxtlar hakimiyyətin islahat kimi təqdim etdiyi kadr dəyişiklikləri tamamilə formal xarakter daşıyır və sistem dəyişməyincə, ölkədə heç bir köklü dəyişiklik yaranmayacaq.