“İlin nağılbazı” İlham Əliyev

Bildiyiniz kimi, xalq ilin adamını seçdi. İlin adamı və ilin əsl gəhramanları Əli bəy Kərimli və dostlarıdır. Əli Kərimlinin isə Tofiq bəy Yaqublu kimi dostları var. Bu insanlar həqiqətən bizim xalqın gəhramanlarıdır. Lakin, xalqımızın neqativ gəhramanları da var. Məsələn, İlham Əliyev. Bizim uşaqlıq illərimiz AzTV-də “Piri babanın nağılları”nı dinləməklə keçdi. Hər gün saatlarca əvvəl ekranın qarşısını kəsdirib sevimli Xoruz babanın hansı nağılı danışacağını gözlədik. Doğrudan da, gözləməyə dəyərdi. Gözəl aktyorumuz Hüseynağa Sadıqovun nağılçılığından tutmuş, hekayələrin dadına-duzuna qədər hər şey gözəl idi. Həm də həyəcanlı və inandırıcı. O vaxtdan illər keçib, o boşluğu dolduran olmayıb. Amma AzTV-yə belə uşaq proqramı üçün Piri baba obrazında yaxşı bir namizəd təklif edə bilərik, ölkənin ən peşəkar nağılçısı İlham Əliyev . Düşünürük, hökumət televiziyası üçün bundan böyük tapıntı ola bilməz. Özünüz düşünün, 16 ildə ondan usta nağılçıya harda rast gəlmisiniz? Ölkənin bütün teatr sənətçiləri, komediya ustaları, marionetka və uşaq oyunçuları belə, bu rolda ona həsəd apara bilər. Üstəlik, illərdir nüfuzunu itirmiş telekanal da uşaq seyrçiləri sayəsində reytinq qazanmış olar. Gərək, İlham Əliyevin özü də bu təklifdən narazı qalmasın. Necə olsa, gopun, yalanın ustasıdır, nağıl uydurmağı da gözəl bacarır. Bir də Mehriban Əliyeva prezident kürsüsünü ələ keçirəndən sonra, o, onsuz da boş-bekar qalacaq. Belə bir proqram açıb həm öz başını qatmış olar, həm də uşaqları sevindirib  savab qazanar. Ancaq təklifi qəbul edib verilişə başlayası olsa, gərək, repertuarını büsbütün təzələsin, çıxıb uşaqlara da 16 illik inkişaf nağıllarından danışmasın.

Bəli, biz o nağıllardan yetərincə dinləmişik. Yorulub yuxuya gedəndə də  “inkişaf, islahat” sözlərinə diksinib ayılırıq. 16 ildə yeniləşmə, rifah, artım, sıçrayışlı inkişaf goplarından ovcumuza bir çürük alma da düşməyib. Rəşid həkimin dediyi kimi, “göydən alma düşsəydi də, bizim nazirlər havada tutub yeyəcəkdilər.” Baxın, bu nağılların birində nə deyir: “O qədər sürətlə inkişaf edirik ki, bəzi hallarda bizə deyirlər -bəlkə bir az yavaşlayaq?” Deyəsən, doğrudan bir az “yavaşlamağa” ehtiyac var. “Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır” və  inkişaf elə sıçrayıb ki, bu il Dünya Bankının Cənubi Qafqaz üzrə hesabatında Bakı əhalisinin 16%-nin yoxsulluq səviyyəsindən aşağı yaşadığı açıqlanıb.

“Eyni zamanda, siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.” Bəli, bəli, son illərdə siyasi islahatların nəticəsi “çox gözəl” bəhrə verib. Adam 16 illik hakimiyyəti dövründə Azərbaycanı yarı-azad ölkələr sırasından qeyri-azad ölkələr sırasına salmağı gözəl bacarıb. Öz totalitar idarəetmə qaydaları ilə ölkəni də, özünü də hörmətdən salmaq üçün hər şey edib. Bunlar hamısı “yüksək inkişaf” göstəriciləri deyilmi? Yox, daha qosqoca adamları belə yalanlarla aldatmaq hiyləgərliyi keçmir. Divin  adamları yuxuya verib yemək istəyində olduğu kimi, hər dəfə Cırtdanlar çıxıb planı pozur. Bu nağıllar artıq çox köhnəlib, repertuarı yeniləyib Aztv-də Piri babanın yerinə keçmək lazım.