“İlin şöhrətpərəsti” Mehriban Əliyeva 

Və nəhayyət ayın 31, bayram günü gəldik çatdıq əsas adamlara. Ölkədə dünyanın ən lüks geyim markalarını geyinən, ən bahalı brend çantalarını daşıyan, ənbahalı kosmetik əməliyyatlarını etdirən birinci ledisi dura-dura “ilin şöhrətpərəsti” adını başqasına necə rəva görmək olar? Hələ onun titul və adlara olan marağı, orden-medal düşkünlüyü bir başqa mövzudur. Xanımın inanılmaz şöhrət çılğınlığı var. Bu həvəsinə dəli kimi pul xərcləməyi də sevir. Nəhayət, Kremlə xüsusi səfər edib orden-medal kolleksiyasını bir az da zənginləşdirdi, Putindən “Dostluq medalı” aldı. Bu siyasi medalın da çox baha başa gəldiyi kimsəyə sirr deyil. Amma Mehriban Əliyeva onsuz da baha şeyləri sevir. Onun aylıq xərci təxminən 450 min avrodur. İnanmırsınız? Bu bizim uydurmamız deyil, faktlar danışır.

Əliyeva və qızlarının daşıdığı “Hermes Blue Dimond Croc” çanta modelinin qiyməti 160,000 dollardırsa, gerisini özünüz düşünün. Onun şöhrətpərəstliyi gerçəkdən sərhəd tanımır. Bu il dünyanın 5 ən bahalı təyyarəsindən birini aldırıb Bakıya gətirdi. Öyrəndik ki, VIP hökumət nəqliyyatı üçün dizayn edilən  B777-200 (LR) təyyarəsindən  “Boing” şirkəti indiyə qədər  59 ədəd istehsal edib. Təyyarənin alınması üçün AZAL nə az, nə çox, 346 milyon 900 min  ABŞ dolları və ya 589 milyon 730 min manat  ödəyib. Ailənin bir neçə bahalı təyyarəsi olsa da, vitse-prezident xanımın bunu məxsusi özü üçün aldırdığı deyilir. Görünür, prezidentlik arzusuna doğru inamla addımlayan xanım Əliyeva səfər siftəsini bu şəxsi təyyarəsi ilə etmək istəyir. Üstəlik də, reperimiz Pasterə də əsəbiləşir ki, “axı sən kimsən ki, Paşa-banka hədə gəlirsən?”

Sosial şəbəkələrdə maraqlı bir fotoşəkil var, çoxunuz görmüş olarsınız. Əliyeva və qızlarının qatıldığı hansısa tədbirdən çəkilib. Üçünün geyim, ayaqqabı və çantalarının qiyməti birlikdə, bilirsiniz, neçəyədir? 650000 dollara. Şişirtmə deyil,  jurnalistlər həmin geyimlərin qiymətini saytlardan bircə-bircə araşdırıb, ortaya çıxarıblar. Heç Əliyevalar özləri də geyimlərini belə fantastik qiymətlərə aldıqlarını inkar etmirlər. Əksinə, bununla bir az da burunlarını yuxarı tutub hava atırlar. Üstəlik, o, ölkənin xəzinəsini təkcə öz bahalı qarderobuna və plastik əməliyyatlarına xərcləməklə kifayətlənmir, həm də israfçılıqla böyük siyasi ambisiyalarına xərcləyir. İndi onda olan orden-medal kolleksiyası İkinci Dünya Müharibəsindən sağ qalan qocaman veteranlarda da yoxdur. Qadının tanınmaq, diqqət mərkəzində olmaq, birinci olmaq hirsi boyunu aşır. Ərinin prezident olduğu son 16 ildə onun bəzək-düzəyinə, titullarına, orden-medallarına, xeyriyyəçilik layihələri adı ilə təbliğatına xərclədiyi pullar neçə milyard olub, özü bilir.  2013-cü ilə olan məlumat görə Fond təkcə “5 il ərzində Fransada mədəniyyət layihələri və bərpa işləri üçün 1,25 milyon avrodan çox pul ayırıb.  Bir çox müşahidəçi Azərbaycanın bu mədəniyyət və incəsənət layihəsini “xeyirxahlığı satın almaq cəhdi” kimi dəyərləndirib.” Bu illərdə Mehriban Əliyeva təkcə xeyirxahlığımı satın almağa cəhd edib? Xeyr, o, zəhmətsiz lüks həyat düşkünü olaraq hər şeyi pulla satın almağın mümkün olduğunu düşünür. Bütün titulları, adları, vəzifələri də. Düşündük, “ilin şöhrətpərəsti” adı da bizdən ona hədiyyə olsun. Layiqli ad deyilmi?