İlham Əliyev niyə “Azadlıq” qəzetindən qorxur?

Cəmiyyətdə bir neçə sual yaranır. İlham Əliyev görüşə müxalif mətbuatı niyə dəvət etmədi ya da diktatorumuz “Azadlıq”ın iradından sonra cəsarətlənib? Nəhayət, İlham Əliyev 16 ildən sonra ürəklənib ölkə mediasına müsahibə vermək qərarına gəldi… Biz ona məqalə vasitəsilə “məsləhət” görəndən sonra. Bu yaxınlarda o, yerli jurnalistləri başına toplayıb, onların suallarını cavablandırıb. Ölkənin əsas hökumətyönümlü media təmsilçiləri orda olub. Bircə AzTV və ATV nümayəndələri gözə dəyməyib. Deyəsən telekanal rəhbərləri Prezidentdən müsahibə almağa jurnalist tapa bilməyiblər. Elə iki gün əvvəl “İlham Əliyev mətbuatdan niyə qorxur?” adlı məqaləmizdə də bu məsələyə toxunmuşduq. Yazını oxuyub dəyərləndirdiyi üçün təşəkkür edirik, amma gərək prezident bizi də yaddan çıxarmayaydı. Ona 16 ildə yığılıb qalmış suallarımız var axı. Birinci sualımız da bu olacaqdı ki, “söz azadlığından danışıb “Azadlıq” qəzetini 6 il həbsdə saxlamaq prezidentə yaraşan hərəkətdirmi?” Yeri gəlmişkən, qəzetin bugünkü 30 illik yubileyi də İlham Əliyevin doğum gününə təsadüf edir. Nə qədər ironik olsa da, 30 ildir hər ikimizin yaş tarixi eyni günü göstərir. Bilirik, cənab prezident bizim məqaləmizdən hirslənib yerli jurnalistlərə müsahibə vermək qərarına gəlib. Amma biz bir daha xatırladırıq ki, müxalif mətbuatı eşitməkdə fayda var. Tənqiddən nəticə çıxarıb özünə çəki-düzən verir. Növbəti müsahibəsində bizi dəvət etsə, işin xeyrini daha artıq görəcək. 

16 ilin cavabsız sualları 

Dünənki mətbuat konfransına, ümumiyyətlə, müxalif mətbuatdan kimsə  dəvət olunmamışdı. Keçən dəfə qeyd etdiyimiz ki, İlham Əliyev reallıq hissini itirdiyinə görə, həqiqətləri eşitmək istəmir. Ona görə də, azad mətbuatı qapı arxasında qoymaqla, tənqiddən can qurtaracağını düşünür.Ancaq özü bilsin. Biz suallarımızı ona elə burdan da ünvanlaya bilərik. Cənab prezident bu sözlər sizə məxsusdur, eləmi?  “Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar – söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir.” O zaman ölkənin bütün müstəqil media orqanlarını bağlatdıran, azad qələm sahiblərini həbsxanaya dolduran, ölkədən didərgin salan kimdir? Meydanları aksiya keçirmək istəyən insanların üzünə qapadıb, yüzlərlə siyasi fəalı tutduran, müxalifət liderlərini vəhşicəsinə döydürən kimdir? On altı ildir konstitusiyanı istədiyi kimi yozan, istədiyi kimi pozan, istədiyi kimi yazan elə siz özünüz deyilmisiniz? 

Əliyev yalanlarından qaçır, yoxsa bizdən?  

Unutmamısınızsa, bunu da 6 il əvvəl Böyük Britaniyaya səfəriniz zamanı siz demisiniz: “Biz Avropaya inteqrasiya yolunu seçmişik. Mən bunu əvvəldə dedim – biz bu yola tamamilə sadiqik, bu siyasət davam etdirilir, bu yolumuzu sözdə yox, praktiki addımlarda göstəririk. Biz ölkəmizin gələcəyini inteqrasiyada görürük. Regionda da, dünyada da, vacib, əhəmiyyəti olan ölkə olmaq istəyirik. Ona görə də, əlimizdən gələni edəcəyik ki, Azərbaycanın standartlarını dünya standartlarına çatdıraq. Bizim siyasətimiz bundan ibarətdir, bizim siyasətimiz belədir.” O zaman indiki anti-Avropa mövqeyinizi nəylə izah edərsniz? 6 il sonra gəldiyiniz bu nəticənin səbəbi nədir, açıqlaya bilərsinizmi?: “Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”. Siz, bizi belə tərs suallar verəcəyimizə görə üzbəüz müsahibəyə dəvət etməzsiniz, bilirik. Çünki bizim suallarımızdan sizin zaman-zaman söylədiyiniz çox yalanlar üzə çıxacaq. Siz milyonlarla insanın qarşısında danışdığınız yalanların üzünüzə çırpılacağını istəməzsiniz, təbii. Amma  sualların cavabını, onsuz da, biz bilirik. Avropadan niyə qaçmaq istədiyinizi, sazişi niyə bu qədər gecikdirdiyinizi də yaxşı anlayırıq. O sazişdən insan haqları və demokratiya ilə bağlı öhdəlik götürmək istəmədiyinizə görə imtina edirsiniz. Monopolist maraqlarınıza cavab vermədiyinə görə imtina edirsiniz. Sizə ailə monarxiyasını davam etdirmək imkanı tanımadığına görə imtina edirsiniz. O zaman inteqrasiya edəcəyiniz hansı istiqamət qalır ki? Totalitar bənzəriniz Rusiya, yoxsa Şimali Koreya? Suallar çoxdur cənab prezident, lap çox. Siz bizdən qaçsanız da, biz həmişə sizi təqib edəcəyik.

İndi isə “ilin monopolisti” Cahangir Əsgərov bizim ona verdiyi “fəxri addan” sonra səmanı bütün aviaşirkətlər üçün açıb… Sual yaranır, ölkəni biz, “Azadlıq” idarə edirik yoxsa İlham Əliyev?