Keçmiş səfir məmur korpusuna çağırış etdi: Təcili xalqın tərəfinə keçin!

Arif Məmmədov: “Ölkənin taleyinə biganə olmayan hər kəs Əli Kərimlinin ətrafında birləşməlidir”

Keçmiş səfir Arif Məmmədov dövlətimizin və xalqımızın gələcəyi haqqında düşünən hər kəsə, o cümlədən dövlət orqanlarında çalışanlara müraciət ünvanlayıb. A.Məmmədov müraciətini şəxsi feysbuk hesabında həm Azərbaycan, həm də Rus dilində paylaşıb. Müraciətdə deyilir:

“Azərbaycanlı məmurlara, hərbçilərə, polisə, diplomatlara, deputatlara, Vətənimiz üçün məsuliyyət daşıdığını zənn edən və Azərbaycan üzərində gerçək təhlükəni dəyərləndirən hər kəsə müraciət:

Mən o qədər də nikbin deyiləm və düşünürəm ki, hadisələrə ayıq gözlə baxaraq, ölkədəki situasiyanı dəqiq qiymətləndirməliyik. Aydındır ki, indiki rejimin “ələyi ələnib, xəlbiri də göydə fırlanır”. Eləcə də aydındır ki, dünyanın fərqli yerlərində sərt diktaturalardan demokratiyaya keçid ağrılı proseslərlə müşahidə olunur. Buna görə də hesab edirəm ki, yaxın zamanlarda iki seçim qarşısında qalacağıq. Bu, pis və çox pis variantlar arasında seçim olacaq. Gəlin özümüzü Gürcüstanla, Ukrayna ilə, hətta Ermənistanla da müqayisə etməyək. Bu ölkələrdə də demokratiya çiçəklənmirdi, amma oralarda Azərbaycanda olduğu qədər sərt diktaturalar da yox idi. Buna görə də gözümüzə yalandan “çəhrayı eynək” taxmadan gerçəyə düz baxmağı bacarmalıyıq.

Aydındır ki, indi hamı Azərbaycanda siyasi rejimin dəyişikliyinə hazırlaşır: istər müxalifət, istər Qərb və Rusiya, istərsə də bütün başqa görünən və görünməyən qüvvələr. Təkrar edirəm, prosesləri dürüst qiymətləndirməyə və doğru yollar aramağa məcburuq.

Hamı dərk etməlidir ki, bu gün Azərbaycanda xalqın dəstəyini və etimadını əldə edən, uyğun olaraq da ölkədəki situasiyanın ağırlığının bütün məsuliyyətini dərk edərək fəlakətlərin qarşısını ala biləcək yalnız bir lider vardır. Azərbaycan xalqının etimad göstərib arxasınca gedə biləcəyi həmin o lider Əli Kərimlidir. Buna görə də, ölkənin taleyinə biganə olmayan hər bir insan bu şəxsin ətrafında birləşməlidir. İnanıram ki, bütün nazirlər də, generallar da, diplomatlar və deputatlar da bunu dərk edirlər. Bütün cəmiyyət də mütləq və mütləq məhz ona dəstək verməlidir.

İndi doğru seçim edərək xalqın tərəfinə keçən hər kəs əmin ola bilər ki, bu doğru seçim ölkənin taleyinə xidmət kimi qiymətləndirilməklə əvvəlki günahları da yuya və əfv edə bilər. Tərəddüd edərək diktaturanı sona qədər dəstəkləyənlər isə əlbəttə, Azərbaycan xalqının qarşısında cavab verəcək!

Seçim sizindir, cənablar!”