Rövnəq Abdullayevin oğlunun indi də 1 milyonluq saatı üzə çıxdı

Mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə araşdırmaçı jurnalistlərin OCCRP layihəsi SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevlə bağlı araşdırmasını dərc edib. Araşdırma Rəşad Abdullayevin bahalı ssatlar həvəskarı olduğunu üzə çıxarır.

Araşdırmaçı jurnalistlər onun 2017-ci ilə rəhbəri olduğu Səbael Futbol Klubunun iclası zamanı qolunda olan saatı mütəxəssisə dəyərləndiriblər. Dəyərləndirməyə görə, Roger Dubuis Excalibur Quatuor markalı bu saatın qiyməti 1 milyon dollardan artıqdır.

Məqalədə deyilir ki, SOCAR Prezidenti Rövnəq Abdullayev də indiyədək bahalı saatlarla görüntülənib, ancaq bu saatlar qiymətinə görə oğlunun taxdıqlarına yaxın belə düşə bilməz.

“Bu, ciddi suallar yaradır, SOCAR rəsmiləri və qohumları rəsmi maaşlarından dəfələrlə baha saatlar taxırlar”, – Global Witness təşkilatından Barnaby Pace deyib. O, indiyədək SOCAR-la bağlı araşdırmalar aparıb.

“Biz zaman-zaman SOCAR-ın kontraktlarının həqiqi benefisiarları barədə açıq informasiyanın olmamasından narahatlıq bildirmişik. Ancaq Azərbaycanda korrupsiyayla bağlı suallar qaldıran jurnalistlər və vətəndaş cəmiyyəti fəalları zorakılıq və repressiyayla üzləşirlər, deməli, Azərbaycanın neft sərvətindən kimlərin faydalanması haqda suallar bundan sonra da yalnız artacaq”, – o, sözlərinə əlavə edib.

Xatırladaq ki, Rəşad Abdullayev İspaniyada 1.2 milyon avroluq Richard Mille saatının oğurlanması ilə gündəmə gəlib. OCCRP da indiyədək cəmi 75 ədəd buraxılmış bu saatın SOCAR prezidentinin oğluna məxsus olmasını araşdırıb.

İspaniya polisinin təqaüddə olan əməkdaşı OCCRP-yə həmin məlumatın həqiqilini təsdiqləyib. O, müstəntiqlərin belə bir oğurluqdan heyrətə gəldiklərini deyib. “Onlar indiyədək belə bir şey görməyiblər. İbizadakı təhqiqatçılar hələ də şikayətin motivasiyasının həqiqi olub-olmamasından əmin deyillər”, – adının çəkilməsini istəməyən həmin şəxs deyib.

OCCRP Rəşad Abdullayevin bu əhvalatın azından bir qismini təsdiqlədiyini yazır. Belə ki, polisə ilkin şikayətə dəyişiklik olunub, saatın Rəşada deyil, Seymur Mehtiyev adlı şəxsə aid olduğu iddia edilib. OCCRP reportyorları şikayətə bu əlavəni gördüklərini yazırlar. Yəni, 25 yaşlı azərbaycanlının İbizada olması, saatın mövcudluğu və dəyəri mübahisələndirilmir.

Seymur Mehtiyevin ünvanı Moskvada, Tverskaya küçəsində göstərilir. Reportyorlar Rusiyada, Azərbaycanda və Böyük Britaniyada bu ad-soyadda adamları tapıblar, ancaq informasiya qıtlığından iddianın konkret kimə məxsus olduğunu müəyyənləşdirə bilməyiblər. Eləcə də bu şəxslərin belə bir bahalı saatı əldə edəcək böyük biznesmenlər olmasına da sübut tapılmayıb.

Moskvadakı ünvanda isə Oleq Kalaev adlı şəxsin qeydiyyatda yaşadığı bəlli olub. O, Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının keçmiş maliyyə naziri və baş nazir müavini olub. Moskvada olanda həmin mənzildə yaşadığını, Seymur Mehtiyev adlı şəxsi tanımadığını deyib.