Hakimiyyət Xalq Cəbhəsinin 30 illiyini təntənəli keçirməyə imkan vermədi

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin təsis olunmasının 30 ili tamam olur. Xalq Cəbhəsinin hüquqi varisi olan AXCP bu yubileyi təntənəli şəkildə qeyd etmək üçün hazırlıqlar görüb, lakin inzibati maneələrlə üzləşib. Bu səbəbdən də planlaşdırılan tədbirləri həyata keçirmək mümkün olmayacaq. Bu barədə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində məlumat paylaşıb. AXCP sədri yazır:

“AXC-nin 30 illiyinə cəmi bir neçə gün qaldı. İstəyirdik ki, bu yubiley münasibətilə Bakıdakı zalların birində tədbir keçirdək, 16 iyul günü isə partiya rəhbərliyinin, əqidədaşlarımızın, vətəndaş cəmiyyətinin, müxalif düşərgənin, Bakıdakı xarici ölkə diplomatlarının iştirakı ilə qəbul təşkil edək. AXC-nin təsis olunmasının 5, 10, 15 illik yubileyləri məhz belə qeyd edilmişdi. Yubiley tədbirlərini keçirmək üçün 1 ay öncədən Bakı şəhər icra hakimiyyətinə müraciət etmiş, uyğun restoranlarla danışıqlara başlamışdıq. Təəssüf ki, yubiley tədbirlərinin keçirilməsinə imkan verilmədi. Hətta Bakıdakı səfirliklərin məsələyə müdaxiləsi də nəticə vermədi. Ona görə də potensial qonaqlarımız bizi üzrlü bilsin, AXC-nin 30 illik yubileyini cəbhəçilər kiçik qruplarla qeyd edəcəklər. Ancaq önəmli olan heç də hansısa dəbdəbəli zallarda təntənəli yubiley mərasimlərinin keçirilməsi deyil. Önəmli olan odur ki, biz 30 illik yubileyə alnı açıq, üzü ağ gəlmişik, bizim sevincin xalqın böyük bir hissəsinin də sevinci olduğuna inanırıq. AXC bu 30 illik fəaliyyətində hər zaman xalqla birlikdə olub, xalqımızla səmimi olub. Azərbaycanın müstəqilliyi və Qarabağ uğrunda savaşın ən ön cəbhəsində olub. Ölkəmizdə demokratiya, insan haqları və ədalət uğrunda mübarizənin ön sıralarında mövqe tutub. Ən çox təzyiqlərə məruz qalsaq da, həqiqəti deməkdən, əzilənləri, haqqı tapdananları müdafiə etməkdən heç zaman vaz keçməmişik. Əminəm ki, AXC, onun varisi olan AXCP sadəcə bir partiya deyil, vətənsevər, azadlıq və ədalət uğrunda mübarizəni həyatının əsas məqsədi sayan, nəticəsindən asılı olmayaraq haqq sözü cəsarətlə deyən, Azərbaycanın işıqlı gələcəyinə qovuşması naminə hər cür fədakarlıqlara hazır olan insanların böyük bir hərəkatıdır. Ölkəmizdə müstəqillik, demokratiya və Qarabağ uğrunda böyük bir Xalq Hərəkatı olan AXC-nin yaranması təkcə bu hərəkatın iştirakçılarının deyil, bütövlükdə xalqımızın uğuru və bayramıdır. Bu 30 illik yubiley münasibətilə Qarabağ savaşında şəhid olmuş AXC üzvlərini, AXC-nin ilk sədri Əbülfəz Elçibəy başda olmaqla dünyasını dəyişmiş hərəkatçıları hörmətlə anır, AXC-nin quruluşunda, bu günlərə gəlib çatmasında iştirakı olmuş hər bir şəxsə minnətdarlığımı bildirir, belə bir kütləvi və dayanıqlı təşkilat yaratmış xalqımızı ürəkdən təbrik edirəm!”