Etiraf edim ki, məlumat almaqla və kommersiya sirri ilə bağlı qanunlara son düzəlişlər digər bir qanunu, məhz eks-prezidentlərlə bağlı qanunu kölgədə qoydu. Indi mənim eks-prezidentlər haqda qanunu müfəssəl təhlil etmək və araşdırmaq fikrim yoxdur. Eşitdim ki, Ayaz Mütəllibov qanundan razıdır və çox qısa müddətdə Bakıya dönmək fikrindədir. Sadəcə, kommersiya sirləri ilə bağlı və məlumat almaq haqda qanunlara düzəlişlər diktatura istiqamətində elə böyük addım idi ki, çoxdan müzakirə olunan eks-prezidentlər haqdakı qanun heç yada düşmədi.
Əvvəl onu deyim ki, sonuncu qanun ilk prezident seçkisindən, səhv etmirəmsə, düz 21 il sonra qəbul edildi və ilk dəfə həmin adla – prezident adı ilə adlandırılan şəxs onun qəbul edilməsini nə az, nə də çox, düz 20 il gözləməli oldu. Indi mənim tarixi ədalətsizlikdən danışmaq və bununla bağlı müzakirə açmaq fikrim də yoxdur, çünki bu ölkənin vətəndaş və seçicilərinin elə ilk prezident seçkisindən bəxti gətirmədi, birinci seçkilər və onların nəticələrinin legitimliyi o vaxt da şübhəli idi, indi də böyük şübhə doğurur. Ölkədə iki dəfə prezident seçkisi seçicilərin rəyinə adekvat olub. O bir dəfə 1992-ci ildə Ə.Elçibəyin seçkisi vaxtı, bir də 1993-cü ildə H.Əliyev seçilərkən olub. Qalan prezident seçkiləri və o cümlədən H.Əliyevin özünün 1998-ci ildə təkrar seçkisi haqda danışmasaq daha yaxşıdır.
Amma tarix o qədər qəlizdir ki, “əgər”, “belə olmasaydı” kimi ibarələri sevmir. Bu səbəbə görə bizim prezident seçkilərinin necəliyi haqdakı fikirləri bir tərəfə qoyaraq zənn edək ki, biz də dünyanın xoşbəxt xalqlarındanıq və başqa ölkələrdəki kimi bizdə də əsl prezident seçkiləri keçirilib və indi də keçirilir – bunu azca belə düşünmək adama bir ruhi yüngüllük gətirir. Mən bayaq 20 ildən söhbət açdım. Nə baş vermişdi? Bilərəkdən və ya bilməyərəkdən Mütəllibov da, elə Ə.Elçibəy də H.Əliyevin hakimiyyətə gəlişini hərəsi bir il yubatmışdı. Buna görə klan onları 20 il cəzalandırdı. Ə.Elçibəyə eks-prezidentin imtiyazlarını yaşamaq, ümumiyyətlə, qismət olmadı, A.Mütəllibov isə o hüququ xeyli gec, 20 ildən sonra qazandı. Bir illik hakimiyyət hər iki cinaha məhrumiyyətlər və böyük çətinliklər hesabına başa gəldi. Klan hələ də onlara bir il hakimiyyətin kürsüsünü tutmağı, “məşğul” etməyi bağışlamır. Bütün həyatım boyu bu qədər kin və qəzəb görməmişəm. Sanki siyasət bunların qoruğudur və bunlar bu qoruğa girməyə cəsarət edənləri heç vaxt bağışlamırlar. Buna biz artıq əmin olduq. Lakin siyasət onu təhlükəli oyunlara çevirənlər üçün də öz “əzələ”lərini göstərir, onların özü üçün də təhlükəli məşğuliyyətə çevrilir və buna da əmin olmaq elə bir çətinlik törətmir. Kim beş il bundan, hətta üç il bundan öncə H.Mübarəkin indiki vəziyyətini təsəvvür edə bilərdi? Belə misal çoxdu. Sadəcə, oturub dünya tarixinə ekskurs etməyin mənası yoxdu, bizim dünyamızın – bu ölkənin də öz vaxtı, vədəsi var, vaxtı gələndə hər şey yerbəyer olacaq.
Rusiyanı aldatdılar?
O gün maraqlı yazı oxudum. Bizimkilər “Nabucco”dan faktiki olaraq imtina edəndə mən bunu tək bizim hakimiyyətin deyil, həm də elə Türkmənistanın və Qazaxıstanın hakimiyyətlərinin qorxaqlığı kimi yozmuşdum. Bu təsəvvür yaranırdı ki, heç kim Rusiyanı onun öz “qida”sından – Mərkəzi Asiya qazını satmaqdan qazandığı sərvətdən məhrum edə bilməz. Amma o gün oxudum ki, Türkmənistan öz qazını Rusiyadan kənar marşrutla, Hind okeanı səmtinə ixrac etmək üçün ikinci böyük layihəyə imza atıb. Indi mən baxıb görürəm ki Rusiyadan ən çox qorxan elə bizim hakimiyyətdi.
Türkmənistanın siyasətini mən ilk dəfə MDB-nin sənədlərini öyrənərkən gördüm. Bu, bir-iki il öncə olmuşdu. Baxıb gördüm ki, MDB-nin qəbul etdiyi sənədlərin 99 faizini Türkmənistan imzalamayıb. Qaz məsələsinə gəldikdəsə, ruslar bunun adını da “B.Obama layihəsi” qoyublar. Təbii, Hind okeanı marşrutu “Nabucco”nu əvəz etmək iqtidarında deyil, çünki sonuncunun missiyası başqadır, o tam başqa məsələ üçün, Avropa qaz bazarında Rusiyanın inhisarına son vermək üçün nəzərdə tutulmuşdu. Amma Rusiya xəzinəsinə axan dollar kütləsini də azaltmaq az iş deyil…

Prezident olmağın cəzası nədir?
•