Mehriban düşmənlər

Birinci vitse-prezident postunu tutan şəxsin ictimai-siyasi təfərrüatı haqqında bir neçə kəlmə

Qənimət Zahid

Azərbaycanda Konstitusiyaya növbəti qrafik ardıcıllığı üzrə dəyişiklik ediləndən dərhal sonra hamı göz-qulaqda idi ki, bu dəyişikliklərin altından nə çıxacaq. Hətta bir çoxları nigarançılıqlarını gizlədə bilməyib «balam, əgər heç bir təyinat olmayacaqdısa, növbədənkənar seçki keçirilməyəcəkdisə, bu dəyişikliklər nəyə lazım idi?» deyib narahatlıq bölüşürdülər. Bir çoxları da etiraf etməsələr də, vitse-prezidentlərin bir qisminin (onların sayı çox olacaq) prezidentin ailə üzvlərinin sırasından olacağını xəlvət-xəlvət bilirdilər. Və o gün gəlib yetişdi. İntizarlara son qoyuldu. Azərbaycanın dövlətçiliyi Cəbrayıllı prezident təqaüdçüsü, «zəhmətkeş» titulu ilə prezidentin növbəti pambıq müşavirəsinə dəvət almış Kamılxan xalanın proqnozlarına doğru güclü bir təkan aldı.  Bildiyimiz kimi, İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva birinci vitse-prezident postuna təyin edildi, ona toxunulmazlıq statusu verildi və əlbəttə ki, bu statusun da üstündə çoxlu səlahiyyətlər. Birinci vitse-prezident ölkənin ən səlahiyyətli adamı oldu.

Qısa olmağa çalışacağam. Buna görə də bənd-bənd münasibət bildirmək istəyəcəm.

Toxunulmazlıq söhbəti

Mehriban Əliyeva Azərbaycanda prezidentdən sonra ən qayım immunitetin sahibi idi. Bəlkə, daha doğrusu bu olardı ki, onun prezidentdən daha üstün immunitetə sahib olduğunu söyləyək. Milli Məclisin deputatı olaraq toxunulmazlığı vardı. BMT-nin YUNESKO və o biri qəbildən olan sektorlarının təmsilçisi, mükafatçısı kimi diplomatik toxunulmazlığı da vardı. Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkənin ən böyük QHT rəhbəri kimi xüsusi yeri vardı. Prezidentin həyat yoldaşı kimi ictimai müzakirələrdə də toxunulmazlığı vardı. Bu bir faktdır ki, hətta Kütləvi İnformasiya Vasitələrində Mehriban Əliyevanın personasının müzakirə və tənqid edilməsi hakimiyyətin psixoloji reflekslərinin qırmızı xəttinin o üzündədir. Hamını, hətta İlham Əliyevi də tənqid etmək olar, amma ona toxunmaq olmaz. Çünki milli mentalitet və buna bənzər sərt mülahizələr var. (Hərçənd, bu milli mentalitet mülahizələri də yalnız ona aid edilir, başqalarına münasibətdə nəzərə alınmaya bilir və ya alınmır).

Səlahiyyətlər məsələsi

Azərbaycanda avtoritar bir rejim hökm sürür. Sadəcə avtoritar deyil, həm də idarəetmə məntiqi və idarəetmə siyasəti korrupsiyanın üzərində qurulan bir rejim var. Dövlət idarəçiliyi qanunlara deyil, qaydalara tabedir və bu qaydalara görə Heydər Əliyev Fondu alternativ hökumətdir. Fondun rəhbəri isə haradasa, prezidentlə baş nazir arasındakı səlahiyyətlərin daşıyıcısıdır. Fond təhsil, səhiyyə, idman və mədəniyyət nazirliklərinin layihələrini həyata keçirir. Demək, ilk sırada bu nazirlər ondan aşağı səlahiyyətlərdə idilər. Bütün başqa, o cümlədən hətta güc  nazirliklərində Fond rəhbərinin bilavasitə nəzarəti və kurasiyası altında olan səlahiyyətli adamlar var. Heydər Əliyev Fondu özünün bütün layihələri və kadr uzantıları ilə bərabər alternativ hökumət sayılırdı. Hətta ictimai rəydə də belə idi. Vətəndaşların əksəriyyəti bütün növdən və qəbildən olan problemlərinin həlli üçün dövlət hakimiyyət orqanlarına deyil, bu qeyri hökumət təşkilatına (Heydər Əliyev Fondu qeyri hökumət təşkilatıdır) üz tuturdular. Doğrudur, bu ünvanda da problemlər həll olunmurdu, amma nəyə görəsə, adamların çoxusu hələ də elə hesab edir ki, Prezident Administrasiyası, Prokurorluq, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bu Nazirliyinin adını düz yazdığımdan əmin deyiləm) kimi dövlət orqanlarına yox, məhz, Heydər Əliyev Fonduna müraciətlərin müstəcəb olma imkanı daha çoxdur. Bu ümid ilk növbədə onunla bağlıdır ki, Mehriban Əliyeva ölkədəki bütün nazirlərdən daha səlahiyyətli adamdır. Yəni, ictimai rəy də bu zamana qədər onu ən səlahiyyətli adamlardan biri kimi qəbul edirdi.

İslahatlar məsələsi

Mehriban Əliyevanın islahatlara meylli siyasi fiqur olması ilə bağlı təsəvvürlıərin kiminsə beyninin hansısa tərəfində necə formalaşdığını deyə bilmərəm. Bu təsəvvürlərin yaranması üçün bu zamana qədər iynənin ucu boyda da işartı olmayıb. Əksinə, Heydər Əliyev Fondu ən qeyri şəffaf strukturdur. Ölkədəki bütün idarə və müəssisələr, təşkilatlar bu və ya digər dərəcədə vergi, audit, polis, prokurorluq və sair qəbildən olan inzibati nəzarət mexanizmlərinin araşdırma predmeti ola bilər, amma  heç kimin ağlının ucundan da keçməyib ki, hansısa dövlət orqanı bu Fondun işlərinə müdaxilə edə bilər. Fondun haradan və necə maliyyələşdiyi də Azərbaycanın korrupsiya qrafikinin ən tünd ştrixidir. Rəsmi hesabatın olub-olmadığını heç kim bilmir, ictimai hesabat da ola bilməz, təsəvvür olunmayıb, ağla gəlməyib. Amma layihələrin xərcləri yüz milyonlarla ölçülür. Bu qədər qeyri- şəffaf bir strukturun rəhbərinin əlində islahatlar paketinin olduğunu təsəvvür etmək hədsiz dərəcədə böyük fantaziya olardı.

Digər tərəfdən bundan əvvəlki «Səlahiyyətlər məsələsi» bölümündə qeyd etdim ki, Mehriban xanım parlamentin üzvüdür və bu zamana qədər onun idarəetmə islahatları ilə bağlı hansısa qanunvericilik təşəbbüslərinin olması faktı ortalıqda yoxdur. Yalnız dövri olaraq təqdim edilən «Amnistiya haqqında Qanun» layihələri olub ki, bu layihələrin hamısı bir-birindən köçürmə olub, üstəlik, həmin layihələr qanun halında qəbul edildikdən sonra hər bir halda Penitensiar sistem üçün geniş korrupsiya sxemlərini canlandırıb. Fond rəhbərinin bilavasitə kurasiyasında olduğu heç kimdə şübhə doğurmayan Təhsil və Səhiyyə nazirlikləri Azərbaycanda ən dağınıq və korrupsiyadan ən çox əziyyət çəkən sistemlərdir. Əgər xanım Əliyeva islahat təşəbbüslərinə meylli dövlət adamı olsaydı, bu sahələrdə ötəri də olsa, nizam-intizam yaradılar və digər strukturlar üçün azacıq da olsa, pozitiv örnək halına gətirilərdi. İndi vəziyyət bundan ibarətdir ki, bu nazirliklər ölkənin bütün digər idarəetmə sektorları üçün yalnız neqativ təcrübə laboratoriyaları kimi diqqəti cəlb edir. Deməli, Mehriban Əliyevanın hakimiyyət və idarəetmə sistemi üçün hansısa islahat ümidləri kimi nəzərdən keçirilməsi təqdimatın ən absurd tərəfidir.

Hüquq məsələsi

İndi hüquqşünaslar arasında fikir müxtəlifliyi yaratmaq təşəbbüsləri var. Bəzilər haqlı olaraq belə hesab edirlər ki, Mehriban Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyinatı qanunsuzdur.

Bütün digər qanunvericilik aktlarını və hüquqi normativləri bir kənara qoysaq, “Korrupsiya haqqında qanun”un 7-ci maddəsinə görə,  yaxın qohumların birgə işləməsinə yol verilmir.

7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Əgər 30 gün müddətində bu hüquq pozuntusu aradan qaldırılmasa, o halda həm Mehriban Əliyevanın yeni vəzifədə işləməyə davam etməsi, həm də İlham Əliyevin özünün prezident olaraq qalması qanunsuz olacaq.

İlham Əliyev bu qeyri-legitimliyə öyrəncəlidir, amma yeni vitse-prezidentin də təyinatının və səlahiyyətlərinin qanunsuzluq üzərində qurulması da növbəti qanun pozuntusudur. İlham Əliyevin hələ prezident olmazdan əvvəl baş nazir postuna gətirilməsi proseduru, ən yaxşı halda şübhəli, normal halda isə qanunsuz idi. Belə ki, o zaman ictimai rəydə bu qənaət vardı ki, onun baş nazir vəzifəsinə təyinatı üçün əsas götürülən prezident təqdimatı saxtadır, mərhum prezidentin əvəzindən təqdimata saxta imza atılıb. 2003- cü ildə onun prezident seçilməsi də legitim olmamışdı. Seçki saxtalaşdırılmışdı. 2013- cü ildə üçüncü dəfə prezidentliyə seçilməsi də qanunsuz idi, çünki hətta dolaşıq Konstitusiya islahatına görə də o, üçüncü dəfə namizədliyini verə bilməzdi, üçüncü və ya daha sonrakı müddətlərə prezidentliyə namizəd olmaq haqqı İlham Əliyevə yox, ondan sonra gələn prezidentlərə aid edilə bilərdi. Qanun geriyə şamil olunmadığına görə.

Siyasi məsələ

Azərbaycanda hakimiyyətdə olan siyasi zümrə hələ 2003-cü ildə sülalə hakimiyyəti modelinə keçməklə respublika üsul-idarəsindən felən imtina etdiyini təsdiq edib. Hakimiyyətdə olduğu sayılan siyasi partiyanın hökumət üçün nə kadr, nə də ideoloji baza kimi əhəmiyyəti var, partiya bu proseslərdən kənarlaşdırıb, dekorativ bir ictimai müxanizmə çevrilib. Mehriban Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyinatına qədər də Azərbaycanda demokratiya ənənələri məhv edilməkdə idi. Dəfələrlə mötəbər beynəlxalq hesabatlarda vurğulandığı kimi, Azərbaycan xalqının seçki yolu ilə hakimiyyəti dəyişdirmək və ya hakimiyyət formalaşdırmaq imkanları əlindən alınıb. Ölkədə bir ailə hakimiyyətinin yarandığı həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Mehriban Əliyevanın bu vəzifəyə təyinatı həmin qənaətləri möhkəmləndirib, ölkədə ailə hakimiyyətinin konturlarının bərkidilməsi, hakimiyyətdə təmsil olunma haqqı nəinki xalqın, nəinki başqa siyasi qüvvələrin, hətta hakimiyyətdə olduğu sayılan partiyanın da iddia predmetləri siyahısından çıxarılıb. Bundan sonra bu qanunsuz addımın bərkidilməsi istiqamətində işlər görüləcək. Yəni, diktaturanı daha da möhkəmləndirməyə cəhd edəcəklər, repressiyaları şiddətləndirəcəklər. Ona görə yox ki, cəmiyyətə Mehrtiban Əliyevanın birinci vitse-prezidentliyini həzm etdirsinlər. İndiki hakim klanın belə bir qayğısı yoxdur. Onun qayğısı bütün yüksək dövlət vəzifələrini iki ailənin nümayəndələri arasında bölüşdürməklə gələcək onilliklər üçün planlar qurmaqdır. Bu təyinatı «islahat cəhdləri», «pozitiv gözləntilərin siqnalı» adlandıranların hamısı
1. yanılır,
2. özünü gələcək repressiyalardan qorumağa cəhd edir,
3. heç zaman ailə hakimiyyətinin siyasi diktaturasına qarşı çıxmayacağına biət edir. (Hələlik, bu üç əsas motivi saya bildim).

Hakimiyyətdaxili münasibətlər məsələsi

Orada nəyin necə baş verəcəyi onların daxili işidir. Azərbaycan hakimiyyətinin daxilində siyasi mənafe qrupları yoxdur. Səhv etmirəmsə, İlham Əliyev 2015- ci ildə, nazirlərin həbsi işindən sonra bəyan etmişdi ki, hökumət adamlarının siyasətlə məşğul olmasını qadağan edir. Azərbaycan hakimiyyətinin tərkibində heç kimin siyasi kimliyi yoxdur. Hətta İlham Əliyevin özünün də. Kimsə irad tuta bilər ki, adam hakimiyyətdə olan partiyanın lideridir. Amma az əvvəl ərz etdim ki, mənim mülahizələrimə görə, Azərbaycanda hakimiyyətdə olan bir partiya yoxdur. Hakimiyyətin daxilində iqtisadi mənafe qrupları ola bilərdi. Onların da hamısı mənafelərindən məhrum edilmiş və bununla razılaşmış adamlardır. Buna görə də, yeni təyinatın kimlərinsə mənafelərinə toxunacağı, kimlərisə narazı salacağı, kimlərinsə ürəyinin dərinliklərində dissidentlik kösövləri közərdəcəyi ehtimallarının hamısı sıfra bərabərdir. Onlar üçün heç bir təfavütü yoxdur, əmri İlham Əliyevdənmi, Ramiz Mehdiyevdənmi, yoxsa Mehriban Əliyevadanmı alırlar (Artur Rəsizadə və Oqtay Əsədov zatən o şkalada olmayıblar). Azərbaycan hakimiyyəti rayon icra başçılarının birinci müavinlərindən tutmuş ən zabitəli nazirlərə qədər hamısı ram edilmiş və heç bir siyasi-ideoloji yükü olmayan «bəxtəvərlərdir». Amma işin qəbih tərəfi budur ki, İlham Əliyev həta bu qədər ram edilmiş «bəxtəvərlərdən» də qorxur, onlardan özünü qorumaq üçün çevrəsini öz ailəsinin içindən çıxardığı inzibati kadrlarla bərkidir. Diktatorların psixoloji gərginlikləri olur, korrupsioner diktatorların isə həm də ikiqat qorxusu olur: hakimiyyət və sərvət qorxusu. Birinci və sonrakı vitse-prezidentlərin təyinatı həm də, bu qorxunu neytrallaşdırmaq üçün paket kimi nəzərdə tutulacaq.

Daha bir iradı nəzərə alıram. Deyə bilərlər ki, əgər hakimiyyətin daxilində iddialı adamlar yoxdursa, o halda İlham Əliyev nədən qorxmalıdır ki? Babat sualdır. Bu dünyada ən qorxunc təhlükələr sındırılmış adamlardan gəlir. İlham Əliyevin çevrəsindən qorxmaq üçün ciddi əsasları var.

Cəmiyyət faktoru

Cəmiyyət adekvat davranmalıdır. Söhbət cəmiyyətin təşkilatlanmış hissəsindən gedir. Bu təyinat gözlənilən idi, amma hər bir halda bəzi ümidlər vardı ki, İlham Əliyev bunu ertməz. Amma cəmiyyət bir daha əmin oldu ki, «İlham Əliyev bunu etməz» deyə bir xətt, bir əməl, bir niyyət yoxdur. İlham Əliyev zatən 13 ildən artıqdır ki, bütün neqativ «olmazlar»ı icra etməklə məşğuldur. Diktatorlar cəmiyyəti üçün qırmızı xətt sayılan hüdudları ayaqlamağa meylli olurlar, çünki bu cür davranış ictimai əlacsızlıq ovqatı yaradır, bu ovqatla yüklənmiş xalqları, cəmiyyətləri idarə etmək daha rahat olur…

Buna görə də, cəmiyyətin təşkilalanmış hissəsi şəraitə uyğun davranış seçəcəksə, bu təyinata və hətta bundan sonrakı bu qəbildən olan təyinatlara görə ruhdan düşməyə dəyməz. Xatırlamaq lazımdır ki, 2009-cu ildə keçirilən Konstitusiya referendumundan sonra Azərbaycanda hakimiyyət dəyişikliyinin alternativ perspektivləri yaranıb. Bu, yalnız əzici ictimai güc hesabına baş verə bilər. Əzici inzibati gücə qarşı qoyulan əzici ictimai güc. İlham Əliyevin hər gün bir az daha bərkitməyə çalışdığı siyasi diktaturanın əsas məqsədi həmin ictimai gücün formalaşması prosesini əngəlləməkdir. Diktatorlar üçün yeni cəhd deyil və hətta din tarixində də bunun analogiyası min illər əvvəl qeyd edilib.

Tarixi və teoloji qaynaqlarda qeyd edilir ki, Firon II Ramzes Musa peyğəmbərin anadan olduğu dövrdə, sehrbazların da istiqamətləndirməsi ilə, yeni dünyaya gələn oğlan uşaqlarının öldürülməsini əmr etmişdi. Fironun adamları başqa oğlan uşaqları kimi Musa peyğəmbəri də öldürmək istəyirdilər. Amma öldürə bilmədilər.