Hüquq və mənəviyyatın cəzalandığı yerdə…

saadet-cahangir-koseSəadət Cahangir

 Məşhur iqtisadçı alim Frederik Bastiat deyir ki, “hüquq ədalətsizliyə mane olmaq üçün fəaliyyət göstərən ümumi gücdür, hüquq ədalətdir… əgər hüquq və mənəviyyat bir-birinə ziddirsə, vətəndaş qəddar bir seçim qarşısındadır-o, ya əxlaq hissindən, ya da hüquqa hörmətdən imtina etməlidir…” Hüquq ədalətdirsə, bizim qanunlara görə də hər hansı önəmli abidəni, binanı, heykəli yazmış bir adamı uzaqbaşı “xuliqanlıq” maddəsi ilə cəzalandırmaq olar. Onun cəzası da ən pis halda özünü öldürüb edər 1-2 il. Allah xatirinə, heykələ şüar yazmış 22-23 yaşlı gəncə 10 il iş oxumaq  ölkədə ədalətmi yaradacaq? Yaratmayacaq, belə bir şeyi heç ağlınızın ucundan da keçirməyin. Bu cür qəddar yanaşma və cəzalandırma, olsa-olsa qorxu yarada bilər. Bəli, sadəcə qorxu. O da müvəqqəti, keçici, müəyyən müddətə. Bəs sonra nə olacaq? Sonra yeni şüar yazanlar peyda olacaq, yeni etirazçılar, yeni narazılar. Onda nə edəcəksiniz, hamını həbsxanayamı dolduracaqsınız? Yoxsa plana salınan 6 həbsxana elə bu məqsədə hesablanıb? Doğrudanmı, bu cür qamçı siyasətinin heç bir nəticə verməyəcəyini anlamırsınız? Doğrudanmı, haqqa, hüquqa, ədalətə söykənməyən zorakı metodların uzunmüddətli uğur gətirəcəyini düşünürsünüz? Tarixdə bunun əsaslı isbatı yoxdur, ola da bilməz. İnsanlar zülmə bir yerə qədər dayana bilirlər. Məhz bir yerə qədər…

 

Bizim hüquqlarımız gündəlik norma kimi pozulur, bilirsiniz. Yaşadığımız binalardan, yediyimiz ərzaqlardan, baxdığımız telekanallardan, istifadə etdiyimiz nəqliyyat vasitələrindən tutmuş, ölkənin ağır yüklü məsələlərinə kimi hər yerdə. Addım atdığımız hər yerdə stress  və əsəb var. Hələ işsizliyi, yoxsulluğu, imkansızlığı da bunun üstünə gəlsək, problem bir az da dərinləşir. İyirmi üç ildir hakimiyyətdə yerləşib oturmuş hökumət isə bunları görməzdən gəlir. İnsanların əzab-əziyyəti, çarəsizliyi, ümidsizliyi onun vecinə də deyil. Sosial problemləri ilə bağlı səlahiyyətli qurumlara üz tutanları qapıdan qovurlar, narazılıq edənləri “sutkalığa” göndərirlər, etiraz səsini ucaldanları da daha ağır cəza gözləyir. Yəni insanlar ölkədə ədalət axtarır, o isə yoxdur. Çünki haqq, hüquq, qanun yoxdur. O, hökumətin əlində çoxdan özünüqoruma alətinə çevrilib. Bu ölkə insanı nə etsin indi? Mənasız oyun və şoulara əlmi çalsın? Gərəksiz layihələrə və tikintilərə israf olunan milyardlara gözmü yumsun? Yoxsulluq içində çapalayan milyonları görməzdən gəlib, analoqsuz inkişafdan danışanlara alqışmı tutsun?  “Hüquq və mənəviyyatın bir-birinə zidd” duruma gəldiyi yerdə, seçimi nədir insanların? Bunun cavabı üzərində baş sındıran oldumu? Yox, heç  olmayacaq da. Asan qazananlar bütün məsələləri çözməyin də asan yolları üzərində dayanır, bir qayda olaraq.

Ölkə insanının nə istədiyi, niyə qəzəbli olduğu, niyə etiraz etdiyi və niyə heykəl yazdığı kimsəni maraqlandırmır. Problemin həlli üzərində ağıl işlətmək, insanlara xidmət borcunu anlamaq, onlara məsuliyyət və mərhəmətlə yanaşmaq hissi yox bu hökumət təmsilçilərində. Bir çıxış yolu seçiblər, sadəcə: səsini çıxaranı cəzalandırın, bitsin getsin. Cəzalandırın… amma bu qaranlıq yolla hara qədər gedəcəksiniz, heç düşündünüzmü?