Ölkədə yanğın siqnalı vahiməsi var. İqtisadi fəlakət çıxış yollarını qapada-qapada irəliləyir. Deyəsən insanlarımız hökumətin yanğından çıxış yolu tapacağına ümidini itirməyib hələ, amma hökumətin özü buna heç də ümidli görünmür. Elə bir ucdan borc yığa-yığa xalqı dartıb aparırlar dalana sarı. Rəsmi şəxslərin mesajları da açıq və qətidir. Bu mesajlar yaxın gələcəkdə ölkə insanına yaxşı heç nə vəd etmir. Deyirlər ki, əgər 27 milyard manat tapılsa, 2025-ci ildən sonra ölkədə maliyyə sabitliyi yaratmaq mümkün ola bilər. Burdan çıxan nəticəni də artıq özünüz hesablayın…
Əslində, durumun nə yerdə olduğunu anlamaq üçün iqtisadçı alim olmağa da gərək yox. Hələ hökumətin özü də vəziyyətin uzun zaman düzəlməyəcəyini etiraf edirsə, demək, halımız yaxşı deyil. Yarıtmaz iqtisadi siyasət nəticəsində yuvarlandığımız böhranı indi əlli yol xəritəsi, əlli böhran proqramı da həll edə bilməz. O proqramlar ki, Amerikan iqtisadçı alimi Artur Ouken onları “deşik vedrə” adlandırırdı. Alim deyirdi ki, hökumətin yoxsulluğun aradan qaldırılması üçün həyata keçirdiyi belə sosial proqramlar deşik bir vedrəyə bənzəyir. Onun içinə su doldurub ən yüksək sürətlə məlum nöqtəyə çatmaq istəsəniz belə, faydası yox. Yetişdiyiniz yerdə vedrəni boş görəcəksiniz. Professor Uolher Vilyams isə Afrikanın problemlərindən bəhs edərkən həmkarının fikirlərini tamamlayaraq deyirdi ki, “bunun həll yolu nə xüsusi proqramlar, nə konstruktiv fəaliyyət, nə də sədəqədir. Bunun yolu azadlıqdır”. Ümumiyyətlə, bu sahədə böyük elmi tədqiqatların müəllifi olan bütün nüfuzlu müəlliflərin yekun fikri belədir ki, bir ölkəni ağır iqtisadi durumdan yalnız azad iqtisadiyyat və özəl sektora açılan imkanlar xilas edə bilər. Alimlər Almaniyanı nümunə gətirərək izah edirdilər ki, 1989-cu ildə Berlin divarının çökməsindən əvvəl Şərqi Almaniya fəlakət zonası olduğu halda, Qərbi Almaniya dünyada ikinci ən böyük iqtisadiyyata malik ölkə idi. Halbuki, bu torpaqların insanları ölkə bölünməzdən əvvəl eyni mədəniyyətə və qohum ailələrə malik bir xalqı təmsil edirdi.
Nə isə. Onsuz da bütün bunları on illərdir ölkənin ən ağıllı iqtisadçıları hökumətə inadla anladıb durur. Biz də illərdir yazıb haray qoparırıq ki, inhisarçılığın qarşısını alın, azad sahibkarlığa meydan açın, yerli istehsala, kəndliyə, fermerə, əkinçiyə, biçinçiyə imkan yaradın, ölkə inkişaf etsin. Bizi eşidən, duyan, sözümüzü hesaba alan kimdi ki? Onsuz da on illərdir bu ölkənin inkişafını istəyən, hökumətin yanlışlarını göstərib, ortaya ağıllı təkliflər qoyan, çıxış yolları üçün öz intellektini və enerjisini sərf etməyə hazır olan insanlara düşmən gözüylə baxılır. Adamlar 23 ildir ölkəni “bizim etdiklərimiz yanlış ola bilməz” havası ilə idarə edirlər. Yanlışları əsaslı şəkildə açıb göstərənləri, israfçılığa, oğurluğa, talana etiraz edənləri də özlərinə məxsus şəkildə zərərsizləşdirib susdurmağa çalışırlar. Zamanında bu komandada burnundan uzağı görən, cəsarətli, millətpərvər biri tapılmadı çıxıb desin ki, cənablar, bu gedişlə gerçəkdən batacağıq, istiqaməti dəyişdirin. Çünki istiqamət başından bəri yanlış idi, gəmini idarə edənlər də yol xəritəsinə dəniz piratları kimi baxırdılar. Şübhəsiz, bu gedişlə gəmi qayaya çırpılmalı idi və gözlənən fəlakət baş verdi. İndi həmin o yarıtmaz ekipaj panika içində o yan-bu yana qaçıb xilas qayıqları axtarır. Amma əlləri yenə boşa çıxacaq, çünki o xilas qayıqları da yerində deyil…