Harda ölüb bu millətin ziyalıları?

Dəli bir ağlamaq keçir içimdən…

Fuad Qəhrəmanlı

Son günlər zorakılıqla bağlı ard- arda eşitdiyimiz xəbərlər bizi təkcə həyacanlandırmalı, qəzəbləndirməli deyil, həm də düşündürməlidir. Bu ölkə hara gedir? Heç az da olsa fərqindəyikmi ki, yaşadığımız cəmiyyət necə dəhşətli bir mənəvi aşınmaya məruz qalıb, mənəvi dəyərlərin olmadığı boşluğa yuvarlanmışıq, ictimai münasibətlər insanıarın instinktiv xüsusiyətlərini başlıca sosial norma kimi ön plana çıxarmaqda, güclünün gücsüz üzərində əzmək haqqı legitimlik qazanmaqdadır? Yox, fərqində olana oxşamırşq…

Cəmiyyəti olaraq o qədər intellektual kasadlıq yaşayırıq ki, baş verən üzücü olayları kriminal xəbərlər kimi izləyib, qavrayıb hiss, həyacanla müşahidə olunan reaksiyalar verməkdən uzağa gedə bilmirik. Hanı bu ölkənin düşüncə, fikir sahibləri, haradadır ziyalılar, niyə susubıar ? Gözümüzün qabağında sosial qanqrena yaşayan toplumun gündəminə çevrilmiş “o, bunu vurdu, bu onu öldürdü” kimi xəbərlərə hissi, duyğusal reaksiya verən və baş verənlərlə bağlı sanballı, mahiyyətə vara bilən müzakirə aça bilməyən bu cəmiyyətin axırı heç yaxşı görünmür. Problemin sosioloji, fəlsəfi, psixoloji tərəfləri niyə dartışılmır, milli – mənəvi çürmənin bütün mahiyyəti üzrə dərin müzakirələr niyə yoxdur? Harda ölüb bu ölkənin ziyalıları, niyə mənəvi, intellektual baxımdan bu qədər qısırlaşıblar, niyə sadə insanla, ziyalı münasibəti arasında fərq aradan qalxıb, bu qədər eynilik yaranıb ? Hamı kütləvi xora qoşulub sanki, aydın, düşüncə sahibi, bilgin şəxslər yoxdur bu kütləvi səhnədə. Siz aydınlar, ziyalılar yaltaqlanmaqdan, yalakalıq etməkdən başınızı qaldırıb bu bədbəxt xalqın dərdini, faciəsini, qayğısını nə zaman hiss edəcəksiniz bəs? Niyə hər şey barədə ancaq 5-10 siyasətçi danışmalıdır?

Çox dərin bir bataqlığa saplanmışıq. Ölkədə zorakılıq artıq bir kulta, hakim mədəniyyətə çevrilib, bir zümrənin əzmək haqq qarşısında çoxluq üçün də susmağa məhkumluq bir sosial normaya çevrilib. Zorakılıq kültürünün hakim dünyagörüşə çevrildiyi bu ölkədə güclü gücsüzü əzə bilər, gücün edə bildiyi hər şey məqbul sayılır, gücə biət edilir, o həmişə haqlıdır, nəinki qanunların, hətta insanlığın belə fövqündədir. Ona görə də hər kəs sosial nərdivvanla necə gəldi gücə doğru dırmaşmağa çalışr, özündən aşağıdakıların başını təpikləməkdən çəkinmir, əzənlər və əzilənlərin səssiz filim kimi iç savaşı gedir ölkə boyu. Seyr etdikcə insanın ruhu sızlayır, içinə qara qanlar axır.

Bu ölkədə gücü məhdudlaşdırmalı, ədalətin təminatçısına çevirməliyik olan qanunlar zatən hakim zümrənin əlində məzlum xaqı nəzarətdə saxlamaq, istismar etmək və qamçılamaq alətinə çevrildiyi üçün, bu şərtlərdə yaşamağa öyrəşmiş, vərdiş etmiş gücün əzdiyi, sındırdığı sadə insanlar da imkan düşdükcə bir – birlərini əzməyə, dövlət tərəfindən əzilmiş şəxsiyyətlərinin hayfını, hıncını özü kimilərdən çıxmağa çalışrlar. Siyasi sistemdəm qaynaqlanan şərtlərə sosial adaptasiya deyilir bu vəhşiləşməmin adına. Belə ortamlarda təkcə dövlətin zor aparatında deyil, hər yerdə gücünə arxalanan qanqsterlərə rast gəlmək olar. Və beləcə mərhəmət, şəfqət, ürəyi yanmaq kimi mənəvi dəyərlər, insani duyğular gərəksizləşir, Lenin dediyi məhşur “kim – kimi” prinsipi əsas sosial davranış kodeksinə çevrilir.

Bir tərəfdə təhsilsizlik, cahillik, yaşamaq uğrunda mübarizə aparan fərdlərin amansız didişməsi, digər tərəfdə də heç bir hüquqi və ictimai məsuliyyət hiss etmədən dövlət adına baş verən zorakılıq, korrupsiya, istismar, bitib tükənməyən qamarlamaq ehtirası və, və, və…o biri yandan da ortada yerə atılıb ayaq altında tapdanan, can çəkişən içtimai əxlaq, nizam, mənəvi dəyərlər…
Dəli bir ağlamaq keçir adamın ürəyindən, Dədə Qorqud kimi qopuz götürüb əl açıb “nə olar bu millətə bu qədər qıymayın, onu diri- diri belə rəzalət girdabında qəhr etməyin” demək gəlir içimdən… Ancaq kimə?