Ötən il Azərbaycanda təbii artım 15 faiz azalıb

Dövlət Statistika Komitəsi (DSK) 2023-cü illə bağlı yekun demoqrafiq göstəriciləri açıqlayıb. Açıqlanan rəqəmlərə görə, ötən il Azərbaycanda 112 min 620 uşaq dünyaya gəlib. Bir il öncə – 2022-ci ildə ölkədə 122 min 846 doğum qeydə alınmışdı. Deməli, 2023-cü ildə Azərbaycanda doğum sayı 10 mindən çox azalıb.

Belə azalma 2011-ci ildən bəri özünü göstərir. Həmin il ölkədə 176 min uşaq doğulmuşdu. Pandemiyadan öncə – 2019-cu ildə bu göstərici 141 minə enmişdi. Pandemiya dövründə doğum sayındakı azalma bir qədər də artdı. 2021-ci ildə Azərbaycanda 112 min 284 nəfər doğuldu. Bu baxımdan, ötən il doğulanların sayı 2021-ci illə, az qala, eynidir. Ancaq fərq ondan ibarətdir ki, 2021-ci ildə pandemiya üzündən ölkədə toylara qadağa qoyulduğundan nikah sayları kəskin azalmışdı, ötən ilsə belə məhdudiyyət yox idi.

Əhalinin hər min nəfərinə düşən doğum sayı Dağlıq Şirvan (14 nəfər), Mil-Muğan və Şərqi Zəngəzur (13.2 nəfər) və Lənkəran-Astara (13.1 nəfər) iqtisadi rayonlarında daha yüksək olub. Ötən il Azərbaycanda doğulan uşaqların 53 faizi oğlan, 47 faizi qızdır. Unutmaq olmaz ki, Azərbaycan dünyada doğumda cins nisbətinin ən çox pozulduğu ölkələrdən biridir.

Azadlıq radiosu