ABŞ səfiri: ‘Bir neçə nəfərin sərhəddə binokl ilə gəzməsini güclü bir orduya təhdid saymıram’

“Birləşmiş Ştatlar daima azad söz və azad media prinsiplərini müdafiə edəcək. Bunlar bizim iki əsas dəyərimizdir və nəyəsə qurban verə bilmərik. Bu barədə həmişə açıq danışmışıq. Bunların Azərbaycanda necə işlədiyinə Azərbaycan qərar verməlidir, bununla bağlı öz konstitusiyası daxilində və beynəlxalq öhdəlikləri var və biz həmin öhdəliklərə əməl olunmasını istəyirik”.

Bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) fevralın 15-də bir qrup jurnalistlə görüşündə deyib.

Hazırda Azərbaycanda azı 10 jurnalist həbsdədir. Onların altısı araşdırmaçı AbzasMedia saytının əməkdaşlarıdır. Jurnalistlər qaçaqmalçılıqda ittiham olunsalar da, ittihamları qəbul etmirlər. Azərbaycan hakimiyyəti jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunması haqda deyilənləri qəbul etmir.

Səfir Mark Libbi ABŞ və Azərbaycan arasında münasibətlərdə ziddiyyətlərin olduğu məqamlardan danışıb: “Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının saxlanılması, həmçinin ABŞ-ın Azərbaycandakı yardım və mədəni proqramlarının təhrif olunmasından narahatlığımızı bildirdik. Bu, münasibətlərimizə mənfi təsir göstərir”.

Diplomatın sözlərinə görə, bu vəziyyəti düzəltmək üçün çoxlu imkan var, çünki iki ölkənin maraqlarının üst-üstə düşdüyü və müsbət əməkdaşlıq təcrübəsinin olduğu bir çox sahə var və bunlar təhlükəsizlik, enerji və digər sahələrdir.

Azadlıq radiosu