Prezidentin səlahiyyətlərini PA-nın qəbula yaz(may)anı Səmayə Əliyeva icra edir?


1-ci dərəcəli qaziyə PA-da işgəncə verilməsi Prezidentin fəaliyyətidir?


Qaziyə PA-da işgəncə verilməsinin Ombudsmanın səlahiyyətinə aid olmadığı bildirilir
03.09.2022-ci ildə 6 və 9 yaşlı iki körpə nəvəmə stress yaşadaraq 20-yə yaxın polisin aşırı zorakılığı ilə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparılıb, qollarımın arxadan qandallanıb işgəncəyə uğradılmağıma, sonucda 9 qabırğamın sındırılmasına, ağ ciyərimdə hematoma əmələ gətirilməsinə, açıq-qapalı baş beyin travması almağıma, 2 sutka məhkəmə qərarı olmadan işgəncə kamerasında ağır yaralı durumda tibbi yardıma qadağa qoyulmaqla saxlanılaraq evimdə “protokol” qaydasında axtarış aparılıb əmlakımın talan edilməsinə, faşistcəsinə qəddar, qeyri-insani davranışa ilyarımdır qiymət verilmir. Prokurorluq, Ombudsman, “hüquq” orqanları ( Azərbaycanda HÜQUQ çoxdan dırnaq içinə alınıb- M. B.) 68 yaşlı 1-ci dərəcəli DİN-in zabit-qazisinə, körpə uşaqlara qarşı faşistcəsinə davranış, işgəncə cinayətini ört-basdır edirlər. Hətta işgəncə faktının özündən rüşvət, korrupsiya amacı ilə yararlanılır. İnanmırsınız, onda, Mirzə Cəlil demiş, qulağınız məndə olsun, sizi deyib gəlmişəm.
Prokurorluq nədən cinayət faktı, məhkəmə tibbi ekspertizasının rəyi ortada ola-ola yaxasını qırağa çəkir, 17 aydır heç bir prosessual hərəkət etmir, heç bir qərar qəbul etmir? Yəqin, Nizami RPİ-nin rəisi Ziya Əliyevin, 24 PŞ-nin rəisi Seymur Qarayevin, müavini, işgəncə əməliyyatına birbaşa rəhbərlik edən Natiq Hüseynovun, müstəntiq Qalib Kərimlinin, sahə müvəkkili Elçin İslamovun “qara qaş-gözünə” yox, “göy dollar-avrolarına” aşiq olması rayon prokuroru Pərviz İbayevin “əl-qolunu” bağlayıb. Bəs Ombudsman niyə əlilə, uşaqlara işgəncə verilməsinə susur? Bu susqunluğun qiyməti də rüşvət-korrupsiya ilə ölçülmür ki?! Bəs ali dövlət hakimiyyəti orqanları?
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin Səmayə Əliyeva adlı əməkdaşı nəinki qəbula yazıb, hətta 1-ci dərəcəli Qarabağ qazisinə əlaltıları ilə işgəncə xarakterli xəsarətlər yetirdib. PA-da belə qəddar, insanlığa qarşı ilgi nədən qaynaqlanır? Bu Konstitusiya, bu “ Əlillərin hüquqları haqqında”, bu “Uşaq hüquqları haqqında” Konvensiya(lar), bu Avropa, bu Amerika!.. Bu, bu, bu!
PA-nın qəbula yazmağa təhkim edilən əməkdaşının qəbul hüququna işgəncə ilə qadağasına insan hüquqlarının pozulmasından yararlanan prokurorluq, ədliyyə, məhkəmə, qanunvericilik orqanları qiymət verməkdən imtina edir. Bəs Ombudsman – Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili? Axı Ombudsman dövlət orqanları.., onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, pozuntuların qarşısının alınması məqsədi ilə yaradılıb! “Ombudsman haqqında” Konstitusiya qanunun 1-ci maddəsinin 1-ci bəndində belə yazılıb. Amma Ombudsman Aparatının rəhbəri görün, nə yazır:
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.6-cı maddəsinə əsasən müraciətiniz Ombudsmanın səlahiyyətinə aid olmadığından, məsələ ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət edə bilərsiniz”. Necə deyərlər, sitatın və hüququn sonu.
Bəs aparat rəhbərinin əsaslandığı 1.6 maddəsində nə yazılıb? “Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil”. Bəyəm PA-nın Vətəndaş Qəbulu Mərkəzinin qəbula yazanı, daha doğrusu yazmayanı Səmayə Əliyeva Prezidentdir, ya deputat, hakim? Bəlkə Prezident seçkiləri ilə bağlı Prezidentin səlahiyyətlərini Səmayə xanım icra edir, bilgimiz yoxdur? Məzahir müəllimin seçki komissiyası niyə sms-lə bilgi verməyib?
Azərbaycanda insan hüquqlarının durumu elə acınacaqlıdır ki, insan hüquqları üzrə müvəkkil pozuntunu Prezidentin fəaliyyəti ilə bağlayıb, səlahiyyətsizliyini ortaya qoyur. Buna Avropa Şurası neyləsin?


Məğrur Bədəlsoy