Azərbaycanda yeni məzun olanlar ən çox harda iş tapır? – İqtisad Universitetinin (UNEC) nümunəsində

Azərbaycan

Dövlət İqtisad Universiteti (UNEC) bakalavr tələbə sayına görə ölkədə ən böyük üçüncü universitetdir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, 2022-2023-cü təhsil ilində UNEC-də 13 min 611 bakalavr tələbəsi təhsil alıb. Lakin yeni məzun olan gənclərin iş tapmaqla bağlı çətinlikləri tez-tez qeyd olunur.  Bəs rəsmi rəqəmlər yeni məzunların işlə təminatı ilə bağlı nə göstərir?

Dövlət Məşğulluq Agentliyinin hazırladığı “Məzunların məşğulluq reytinqi” platformasında ölkənin 11 universitetindən məzun olan şəxslərin məzun olduqdan sonra rəsmi əmək müqaviləsi ilə işə qəbul olmaları ilə bağlı rəqəmlər yer alır. 2018-2021-ci illərdə həmin 11 universitetdən məzun olmuş və məlumatları sistemlə daxil edilmiş 45 min 649 nəfərin 56.8 faizinin rəsmi əmək müqaviləsi mövcuddur. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində əmək müqaviləsi bağlayıb-bağlamadığı əsasında aparılıb.

İqtisad Universitetində tədris edilən ixtisaslar iqtisadiyyatın müxtəlif sahələri ilə birbaşa bağlı olduğundan, bu universitetin göstəriciləri müəyyən mənada ölkə iqtisadiyyatı və əmək bazarı haqqında da təsəvvürlər yaradır. Rəqəmlərə baxarkən nəzərə almaq lazımdır ki, əmək müqaviləsi olmayanların heç də hamısı işsiz deyil və onlar arasında qeyri-rəsmi çalışanlar, eləcə də sahibkarlıq fəaliyyətli ilə məşğul olanlar və ya ölkə xaricində olanlar ola bilər. Lakin, açıqlanan rəqəmlər hansı ixtisaslardan məzun olanların rəsmi əmək müqaviləsi ilə iş tapmaq imkanının nisbətən daha çox olduğunu göstərir.

Cədvəl 1: 2018-2021-ci illərdə UNEC-dən məzun olanlar arasında rəsmi əmək müqaviləsi ilə çalışanların sayı

2018201920202021
Məzun sayı2 7372 7162 9602 993
İşlə təmin olunanların sayı1 5871 6121 8411 986
İşlə təmin olunma faizi58%59.4%62.2%66.4%

Cədvəl 1-dən göründüyü kimi, 2018-2021-ci illərdə UNEC-dən məzun olanların cəmi 61.5 faizinin əmək müqaviləsi mövcuddur. Son 4 il ərzində işlə təmin olunanların xüsusi çəkisində nisbi artım müşahidə edilir. Bu müddət ərzində işə qəbul olan 7026 nəfər ümumilikdə 3242 işəgötürən tərəfindən işə qəbul edilib. Məzun olduqdan sonra rəsmi əmək müqaviləsi ilə işləməyə başlayanların 87 faizi özəl sektorda, 13 faizi dövlət sektorunda çalışmaqdadır. 2018-2021-ci illərdə UNEC-dən məzun olan kişilər arasında işlə təmin olunma göstəricisi 59.6 faizə, qadınlar arasında isə 64.7 faizə bərabər olub.

Cədvəl 2: Məzun sayına görə UNEC-dəki Top-10 ixtisas üzrə işlə təmin olunma göstəricisi

İxtisasİşlə təmin olunan məzunların xüsusi çəkisi
Kommersiya67.8%
Sənayenin təşkili və idarə olunması67.1%
Mühasibat uçotu və audit65.3%
Menecment63.0%
İstehlak mallarının ekspertizası və marketinqi62.8%
Maliyyə61.3%
Qida məhsulları mühəndisliyi61.0%
İqtisadiyyat59.7%
Biznesin idarə edilməsi58.6%
Dünya İqtisadiyyatı57.8%

Rəqəmlərdən görünür ki, məzun sayına görə TOP-10 ixtisas arasında 2018-2021-ci illərdə ən çox kommersiya ixtisasına yiyələnənlər əmək müqaviləsi ilə işə qəbul olub. Ən aşağı göstərici Dünya iqtisadiyyatı ixtisası üzrə qeydə alınıb.

Cədvəl 3: UNEC məzunlarını ən çox işə qəbul edən işəgötürənlər:

İşəgötürənİşçi sayı (nəfər)
Kapital Bank232
Unibank136
Araz Supermarket103
Azərbaycan Beynəlxalq Bankı101
ABC-Telekom (Kontakt Home)79
Express Bank66
Yelo Bank65
Dost İş Mərkəzi58
Accessbank58
Bravo Market58

Cədvəl 3-dən göründüyü kimi, 2018-2021-ci illərdə UNEC-dən məzunları ən çox işə götürən ilk 10 şirkətin (qurumun) altısı banklardır. Ancaq, ilk onluqda 2 ərzaq və 1 elektronika mağazasının olması xüsusi diqqət çəkir. Bu şirkətlərin işəgötürənlər arasında ön sıralarda olması o deməkdir ki, məzunların heç də hamısı yüksək ixtisaslaşma tələb edən işlərdə çalışmır və ölkədə ali təhsilli satıcıların sayı kifayət qədər çoxdur. Bankların siyahıda çox yer tutması isə ölkədə maliyyə sektorundan kənar böyük şirkətlərin sayının məhdudluğunun göstəricisi hesab edilə bilər.

Cədvəl 4: 2018-2021-ci illərdə məzun olub əmək müqaviləsi ilə iş tapan UNEC məzunlarının əmək haqqı bölgüsü:

KişiQadın
500 manatadək81.1%81.4%
500-950 manat15.6%15.1%
951-1550 manat2.3%2.7%
1550 manatdan çox1.0%0.8%

Açıqlanan rəqəmlərdən aydın olur ki, iş tapan məzunların böyük hissəsi minimum əmək haqqı səviyyəsində gəlir əldə edir. Əmək müqaviləsi ilə çalışan UNEC məzunlarının 81 faizinin rəsmi əmək haqqısı 500 manatadəkdir. Rəsmi iş tapan 7026 nəfər məzundan cəmi 54 nəfərin rəsmi gross əmək haqqısı 1550 manatdan çoxdur. Bu göstərici həm də ölkədə yüksək gəlir imkanı olan iş yerlərinin sayının məhdudluğunun göstəricisidir.

agora-az.org