Polisin işgəncə verdiyi qaziyə PA-nın qəbul mərkəzində işgəncə verilib


Qəbul şöbəsinin qəbul hüququna qadağa qoymasına qiymət verilmir


3 sentyabr 2022-ci ildə Nizami RPİ-nin, 24-cü Polis Şöbəsinin 1-ci dərəcəli DİN-in Qarabağ qazisinə işgəncə verib, 9 qabırğasını sındırmasına, ağ ciyərində hematoma, açıq-qapalı kəllə-beyin travması əmələ gətirməsinə, iki sutka məhkəmə qərarı olmadan işgəncə kamerasına məhkum edilib evində axtarış aparılıb qiymətli əşyaların götürülməsinə, tibbi yardıma qadağa qoymaqla yaralı durumda saxlanılmasına ilyarıma yaxındır qiymət verilmir.
Polisin DİN-in zabitinə, Qarabağ əlilinə işgəncə verməsinin kökündə sahə müvəkkili Elçin İslamovun qərəzli şər-böhtan “donos”u durur. Başabəla müvəkkil Qarabağ əlillərinin dərman, çörəkpulu köşkünü dələduzluqla ələ keçirib, 3 ay başqasına icarəyə verən, nəticədə əlillərə 3 min manat civarında ziyan vuran Ərəstun adlı şəxsi ölkədən qaçırıb, 7 ildir əlillərə dəyən ziyanın belə ödənməsinə imkan vermir. Nə var-nə var, Ərəstunla dostdur, polisə ucuz, havayı mebel verib.(?). Məhkəməyə polis müvəkkili haqqında şikayət verəndə isə xüsusi ittihamçı Qarabağ qazisinə qarşı saxta cinayət işi əməliyyatı həyata keçirilib. Guya 15 il qabaq Xətai məhkəməsinin 2 qətnaməsi ilə qaziyə verilən Bəhruz Nuriyev-10a ünvanındakı qeyri-yaşayış otaqlarına dair icra vərəqi saxtadır(?).
Müstəntiq Qalib Kərimli Ədliyyə Nazirliyinin icra məmurlarının sifarişi ilə icra vərəqini məktubla tələbkara göndərən keçmiş hakim Raziya Ataşovanı işgəncə kamerasında 1-ci dərəcəli savaş əlilinin üzünə durdurub ki, belə icra vərəqi göndərməyib. 17.07.2014-cü il tarixli, 2(011)-855/11 saylı məktubun evdə olduğunu deyəndə isə müstəntiq Qalib Kərimli, sahə müvəkkili Elçin İslamov və daha 3 nəfər polis həbsdə olan Qarabağ əlilinin yaşadığı mənzildə məhkəmə qərarı olmadan axtarış aparıb, ona məxsus olmayan kompüteri, qiymətli sənədləri, əmlakları götürüblər. Həbsdən, daha düzü, işgəncədən çıxan kimi sentyabrın 6-da Nizami prokurorluğuna şikayət verən 1-ci dərəcəli Qarabağ qazisinə indiyədək heç bir qərar verilməyib. Rayon prokuroru Pərviz İbayev 16 aydır cinayəti ört-basdır edir. Baş prokurorluq, Bakı Şəhər Pokurorluğu isə Pərviz İbayevin cinayəti ört-basdır etməsinə susur. Elə Ombudsman kimi. Elə məhkəmə, qanunverici hakimiyyət kimi. Təsəvvür edin, Nizami məhkəməsinin hakimi Nigar Qədirli köhnə tarixə saxta 05.09.2022 tarixli qərarını 14.10.2022-ci ildə emailə göndərib və anında bu qərardan emaillə və məktubla Bakı Apellyasiya Məhkəməsinə şikayət edilib. Sonuncu isə 8 ay şikayəti ört-basdır edib, Məhkəmə Hüquq Şurasına şikayətdən 08.05.2023 tarixli qərarla şikayətə baxmaqdan imtina edib ki, gecdir. Hələ də CPM-ə uyğun olaraq cinayət işinə baxılmır, qərarın özü belə verilmir.
Başlığa çıxardığımız qonuya – mövzuya gəlirik. Ali icra hakimiyyəti orqanına yaralı yatağından şikayətin məktubla çatdığı bildirilsə də, PA-nın uyğun şöbəsində yoxa çıxarılıb. PA-nın Vətəndaş qəbulu mərkəzində Səmayə Əliyeva adlı əməkdaş isə Prezident köməkçisi, hüquq-mühafizə orqanları ilə iş şöbəsinin, PA-nın hüquq siyasəti və qanunvericilik şöbəsinin, humanitar siyasət şöbəsi müdirlərinin, Təhlükəsizlik Şurasının katibinin… ümumiyyətlə, bütün PA məmurlarının qəbuluna yazmaqdan imtina edib ki, PA-da qəbul mümkünsüzdür.(?) Özbaşınalığa fikir verin, qəbul şöbəsi qəbul hüququna qadağa qoyur!(?) Bu da son deyil, 2023-cü ilin mayın 30-da 1-ci dərəcəli Qarabağ əlilinin 29-cu nömrəli növbəsi monitorda 39-cu otağı göstərəndə, Səmayə Əliyevə növbə nömrəsini “yandırıb”, 30-cu şəxsi qəbuluna çağırıb. Etiraz edəndə isə əlaltılarının yardımı ilə əlil-qaziyə işgəncə xarakterli xəsarətlər yetirdib. Baxın, vətəndaş qazi işgəncədən ali icra hakimiyyəti orqanına şikayət etməyə gedir, orada işgəncə görür. Belə “hüquq və azadlıq”dan kim inciyər? İnciyən “Human Rights Watch”, Avropa Məhkəməsi, uluslararası hüquq müdafiə təşkilatlarıdır, onlara müraciətə görə də son aylarda onlarla jurnalist həbsdədir. Ölkədə tutatutdur, kiminin özünü, kiminin daşınar-daşınmaz əmlakını, malını-mülkünü, pensiyasını tuturlar. Şikayət etməyə də ünvan yoxdur. Hakimiyyət şikayətlərə qadağa qoyub. Qadağanı pozanlar işgəncəyə uğradılır. Özü də ali icra hakimiyyətinin özündə.
Məğrur Bədəlsoy
P.S.İmzalayandan sonra yadıma düşdü. Səmayə Əliyevanın PA-nın adından qəbul hüququna qadağa qoymasından Bakı İnzibati Məhkəməsində iddia qaldırılıb. Hakim Günel Sevdimalıyeva iddianı mümkün saymayıb, amma qərardadını 6 aydır vermir…