Həbsdə olan ictimai fəal: ‘Açıq şəkildə deyirdim ki, diktaturanı, bu hakimiyyəti istəmirəm’

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilov deyir ki, tutulanda ona sifarişin “yuxarıdan” gəldiyini açıq şəkildə söyləyiblər. İctimai fəal bu barədə öz məhkəməsində danışıb.

Narkotik ittihamıyla 5 aydan çoxdur həbsdə olan A.İsrafilovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yanvarın 16-da məhkəmədə ifadə verən ictimai fəal bildirib ki, ona aidiyyəti olmayan narkotiki boynuna götürməsi üçün Nərimanov rayon Polis İdarəsində dəfələrlə döyülüb, ailəsiylə hədələnib. Bu üzdən, etiraf ifadəsinə razılaşmağa məcbur qalıb:

“Evdən çıxıb mopedə minmək istərkən, üç nəfər mülki geyimli məni saxladı. Nərimanov rayon Polis İdarəsinə apardılar. Əməliyyatçılardan biri dedi ki, “yuxarıdan göstəriş var, sən getməlisən”. İdarədə narkotiki qoyub dedilər ki, etiraf eləməlisən. Əlbəttə ki, razılaşmadım. Bundan sonra döyməyə başladılar. Görəndə ki razılaşmıram, dedilər, “gedib evindən də çıxararıq, ailə üzvlərin də şərikin olar”. Məcbur olub boynuma götürdüm”.

A.İsrafilov həbsinin gerçək səbəbini müstəqil həmkarlar ittifaqında fəaliyyəti, işçilərin hüquqlarını müdafiə etməsi və siyasi baxışlarıyla əlaqələndirib:

“Mən açıq şəkildə deyirdim ki, diktaturanı, bu hakimiyyəti istəmirəm. Ona görə də şərlədilər”.

İctimai fəalın işinə baxan hakim Fəxri Məmmədov deyir ki, onun polis idarəsində işgəncəyə məruz qalması haqda şikayətlərini araşdırmaqdan ötrü prokurorluğa və istintaq təcridxanasına sorğu göndəriləcək. A.İsrafilov polis idarəsindən istintaq təcridxanasına köçürüləndə onun üzərində xəsarət izi olub-olmadığı soruşulacaq.

A.İsrafilov Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur. Bu maddədə 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Azadlıq radiosu