Paris Azərbaycandan Fransa vətəndaşının dərhal azad olunmasını tələb edir

Fransa yanvarın 9-da Azərbaycanı Fransa vətəndaşının qanunsuz saxlanmasına görə ittiham edib və Bakıdan onun dərhal azad olunmasını tələb edib.

Bundan əvvəl Fransa vətəndaşı Martin Rayanın Azərbaycanda casusluq ittihamı ilə həbs edilməsi barədə Azərbaycanın Fransadakı səfiri məlumat vermişdi.

Fransa XİN Reuters-ə göndərdiyi bəyanatda Fransa vətəndaşının saxlanmasını rəsmən təsdiq edib:

“Biz onun (Martin Rayanın) ailəsi ilə daimi əlaqədəyik və Fransanın Bakıdakı səfirliyi həmvətənimizlə konsul müdafiəsi çərçivəsində iki dəfə görüşüb”.

Bəyanatda deyilir ki, səfirlik Martin Rayanla daha bir görüş istəyib:

“Bundan əvvəl Azərbaycan hakimiyyətinin də nəzərinə çatdırdığımız kimi, biz bu saxlanmanı qanunsuz sayır və həmvətənimizin dərhal azad olunmasını tələb edirik”.

Səfir: Azərbaycanda casusluqda ittiham olunan Fransa vətəndaşı həbs edilib

Azərbaycanın hakimiyyət orqanları ötən dekabrda bir fransızı casusluq ittihamı ilə həbs ediblər.

Bunu yanvarın 9-da Frans Press (AFP) agentliyinə Azərbaycanın Fransadakı səfiri deyib.

Bundan əvvəl Azərbaycan və Fransa qarşılıqlı olaraq hər biri iki diplomatı “persona non grata” elan etmişdilər.

Səfir Leyla Abdullayevanın sözlərinə görə Fransa vətəndaşı Martin Rayan (Martin Ryan) ötən il, dekabrın 4-də həbs edilib.

Səfir əlavə edib ki, Rayan Azərbaycanda dörd ay müddətinə həbs edilib.

Leyla Abdullayeva bunu da deyib ki, həbs barədə Fransanın Bakıdakı səfirliyinə məlumat verilib.

Azadlıq radiosu