Dekabrın 25-də vəkil Nemət Kərimli Daxili İşlər Nazirliyinin (DİN) İnzibati həbs olunanların saxlanma məntəqəsində NİDA Vətəndaş Hərəkatının və III Platformanın üzvü Araz Əliyev ilə görüşüb.
Vəkil “Turan”a bildirib ki, A.Əliyevin sözlərinə görə, onu dekabrın 23-də axşam saatlarında mülki geyimli şəxslər yolda saxlayıblar: “Araz Əliyev deyir ki, onu saxlayıb maşına mindirəndə o, fiziki təzyiqə məruz qalıb, kompüterini əlindən alıblar. Daha sonra onu 24-cü polis bölməsinə aparıblar, orada ona hədə-qorxu gəliblər”.
A.Əliyev ittihamları qəbul etmir və öz həbsini III Platformanda fəaliyyəti ilə əlaqələndirir.
Bu deyilənlərə, hələlik, DİN-dən münasibət öyrənmək mümkün olmayıb.
25 sutka həbsə məhkum edilib
NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev xırda xuliqanlıqda (İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi) və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda (535-ci maddə) ittiham edilir. Bu barədə AzadlıqRadiosuna onun vəkili məlumat verib.
Bundan əvvəl Araz Əliyevin məhkəmənin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edildiyini Daxili İşlər Nazirliyindən də təsdiq ediblər.
Məlumatı “Turan” Agentliyinə Nazirliyin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanov təsdiq edib.
“Araz Əliyev hardadır?”
Araz Əliyevin həyat yoldaşı Gülarə İsmayılova bu gün, dekabrın 24-də əlində “Araz Əliyev hardadır?” yazılmış kağız lövhə tutaraq Azərbaycan Daxili İşlər Nazirliyinin Bakı şəhərindəki inzibati binasının önünə gələrək ərinin yeri ilə maraqlanıb. Polislər onun, habelə həyat yoldaşının ad və soyadını dəqiqləşdirərək ona binadan bir qədər kənarda gözləməyi məsləhət biliblər.
Üstəlik, polis əməkdaşları vurğulayıblar ki, “hazırda qəbul yoxdur, sabah, dekabrın 25-dı saat 9-dan 18-ə kimi qəbula müraciət edin, suallarınıza cavab verilsin”.

Araz Əliyevin 25 sutka həbs aldığı deyilir
NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyevin 25 sutka inzibati həbs aldığı bildirilir.
Bu barədə vəkil Nemət Kərimli məlumat verib. Ancaq onun sözlərinə görə, hələlik, gənc fəalın konkret hansı maddə ilə təqsirləndiyini dəqiqləşdirə bilməyiblər.
Vəkilin bu məlumatına rəsmi qurumlardan da, hələlik, münasibət almaq mümkün olmayıb.
Azadlıq radiosu