Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücuma görə həbs edilənlərdən biri – Azər Məmmədov olaya heç bir aidiyyəti olmadığını və bu cinayətlə bağlı məhkəmə önünə çıxarılan şəxslərin heç birini tanımadığını deyir. Onun sözlərinə görə, silahlı basqını törətməkdə suçlanan və hadisədən bir neçə saat sonra tutularkən öldürülən Ruhlan İsmayılovla tanışlığı üzündən doqquz aydan çoxdur həbsdədir.
“Bravo”nun girişindəki bankomatlardan birinə pul yükləyərkən inkassatora silahlı hücum nəticəsində bir nəfərin ölümü, birininsə yaralanmasında suçlanan yeddi nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
“Yolboyu danışmadı”
A.Məmmədovun 22 yaşı var. O, motosiklet təmiri və satışıyla məşğulmuş, Ruhlanla da satış elanlarını yayan saytların birində tanış olduğunu söyləyir. Ötən il təmir sexi açarkən R.İsmayılovu da işə götürüb. O, iki ay sonra işdən çıxsa da, ara-sıra servisə gəlib-gedirmiş.
Olaya gəlincə, A.Məmmədov deyir ki, həmin gün maşın bazarından ehtiyat hissələri alıb, ardınca da işə yollanıb: “Günorta saat 1 olardı, Ruhlan zəng elədi ki, “qazdan boğulmuşam, gəl, məni apar”. İki ay əvvəl də qazdan boğulmuşdu. Bu dəfə gedib götürəndə gördüm ki, rəngi ağarıb, ayağını çəkir. Dedi ki, “Torqovı”da (paytaxtın Nizami küçəsində) düşürüm onu. Mən də apardım. Yolboyu danışmadı. Düşürüb, saat 4-5-ə işləmiş işə qayıtdım”.
A.Məmmədovun dediyinə görə, işə gələndən bir qədər sonra ona polislər zəng edib Ruhlanla əlaqədar görüşmək istədiklərini, 3-cü mikrorayon dairəsi tərəfdə görüşmələrini deyiblər: “Orada məni maşına mindirdilər, dedilər ki, Ruhlanı düşürdüyüm yeri göstərim. “Torqovı”ya, sonra da Ruhlangilin evinə getdik. Ondan sonra məni “bandotdel”ə gətirdilər…”.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (el arasında “bandotdel” kimi tanınan yerə) öncə A.Məmmədova Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Sonradan “Bravo”ya hücumla əlaqədar başqa ittihamlar artırılsa da, o, üstündə narkotik olmadığını, sadəcə saxlanmasını rəsmiləşdirməkdən ötrü onu öncə bununla şərlədiklərini deyib.
Azadlıq radiosu