Söyüdlüdəki plakatları hazırlayan kənd sakini: ‘Ömrümdə narkotik görməmişdim…’

Gədəbəyin Söyüdlü kəndindəki etirazlardan sonra həbs olunanlar arasında aksiyadakı plakatları hazırlamış kənd sakini Coşqun Musayev də vardı. Narkotik ittihamı ilə 6 aydır həbsdə olan C.Musayev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb.

Cinayət işinin materiallarında iddia edilir ki, Söyüdlü sakinini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilib saxlayıblar. Onun üstündən narkotik çıxıb.

C.Musayev istər Bakıda tutulması, istərsə üstündən narkotik tapılması haqda yazılanların yalan olduğunu deyir. O, məhkəməyə ifadəsində bildirib ki, Söyüdlü etirazlarındakı plakatları hazırladığına görə narkotiklə şərlənib.

C.Musayevin 43 yaşı var. Müxtəlif çap məhsulları, o sıradan plakat da hazırlamaqla, ayrıca mobil telefonların alış-satışı və təmiri ilə məşğul olub. Söyüdlüdəki aksiyanın ertəsi gün – iyunun 21-də Gəncədə “Dubay bazarı” adlanan ərazidə olarkən ona zəng gəlib. Deyiblər ki, satdığı telefon oğurluq çıxdığından bu məsələ ilə bağlı müəyyən məsələləri onunla dəqiqləşdirmək istəyirlər.

C.Musayevin sözlərinə görə, zəng vuran şəxsə yerini deyib və az sonra onu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şöbəsinə aparıblar. Aparılmazdan öncə həyat yoldaşına zəng edərək axşam evə gəlməsə, Daxili İşlər Nazirliyinin “102” xidmətinə xəbər verməsini söyləyib.

Azadlıq radiosu