Azərbaycan 32, Ermənistan iki hərbçini azad edir

Azərbaycan və Ermənistanın rəsmi qurumlarının bir-birlərinin ərazisində saxladıqları hərbi qulluqçularının azad edilməsi ilə bağlı razılığa gəldikləri bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür:

“İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”.

Bildirildiyinə görə, aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub:

“Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.”

Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir.

Habelə vurğulanır ki, Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər:

“Beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.

Azad edilən hərbi qulluqçuların adları açıqlanmır.

Rəsmi AZƏRTAC saytı daha sonra da məlumat yayıb ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfərdən 26-ı 2020-ci ilin dekabrında Hadrut istiqamətində , qalan 6 nəfər isə müxtəlif vaxtlarda sərhəddə saxlanan şəxslərdir.

Məlumata görə, otuz iki nəfərlik siyahıya separatçıların rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan kimi şəxslər daxil deyil.

Azərbaycana qaytarılacaq hərbçilərin konkret kimliyi isə, hələlik, bildirilmir.

Azərbaycan bundan əvvəl iki hərbi qulluqçusunun Ermənistanda həbsdə olduğunu bildirmişdi. Onlar qətl və başqa ağır cinayətlərdə ittiham edilirdi.

Azərbaycanda isə 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından sonra 100-dən çox Ermənistan hərbi qulluqçusunun tutulduğu, onların sərhədi qanunsuz keçmək, terrorçuluq və başqa ağır cinayətdə ittiham edildiyi deyilirdi.

Son illər Azərbaycan onlardan bir çoxunun işğaldan azad edilmiş rayonlarının mina xəritələri və başqa humanitar məqsədlə ölkələrinə təhvil verildiyini acılamışdı.

Azadlıq radiosu