Təhsil nazirliyinin fırıldaqları da vəziyyəti dəyişə bilmədi

Ekspert Rəşad Əliyev

PISA-2022 Beynəlxalq Şagird Qiymətləndirməsinin nəticələri açıqlanıb və yəqin artıq bir sıra paylaşımlarda görmüsüz ki, ölkəmizin göstəricilərində xeyli geriləmə var – öz Ana dilində oxuyub anlamaqda əvvəlki 389 baldan düşmüşük 365 bala (-24), Riyaziyyatda 420 baldan düşmüşük 397 bala (-23), təbiət elmlərində isə 398 baldan düşmüşük 380 bala (-18). Amma sizə bir proqnoz verim – bir neçə günə cənab Əmrullayev və ya müavinləri mətbuat konfransı filan təşkil edib deyəcək ki, ay camaat, çox da şey eləməyin, geriləmə təkcə bizim ölkədə olmayıb, səbəbi də Covid’in təhsil prosesini pozması olub 🙂

Amma PISA ilə bağlı bu gün rast gəldiyim paylaşımların demək olar heç birində ən vacib hesab etdiyim məqama toxunulmayıb. Keçən il şagirdlərimiz PISA imtahanlarında iştirak edəndə də bu vacib nyuans haqda yazmışdım.

Ölkələrin reytinq cədvəlinə fikir verin.

Siyahıda yalnız ölkə adları sadalanıb. Bircə Çin üçün şəhər adları qeyd olunub, bir də bizim üçün qeyd olunub – YALNIZ BAKI ŞƏHƏRİ. Yəni hamı ölkə olaraq iştirak edib, biz isə Bakı şəhəri olaraq. Sizcə niyə?

PISA dünyanın ən nüfuzlu tədqiqatlarından biridir və ölkələrin təhsil səviyyəsini ölçmək və müqayisə etmək üçün geniş istifadə olunur. Bizim ölkə 2006 və 2009-cu illərdə də bu qiymətləndirmədə iştirak edib, amma nəticələr çox zəif olduğü üçün, biabır olmamaqdan ötrü dərhal proqramdan çıxmaq qərarı verilmişdi.

2018-də yenidən PISA-da iştirak etmək qərarı verildi. Amma bu dəfə bizimkilər biclik işlətdi, çox güman nəticələri süni şəkildə “şişirtmək” üçün. Axı bilirsiz də, bizimkilərin əsas dərdi siyahıda bəzi “…stan”-lardan qabağa düşməkdir ki, sonra hər axşam AzTV-dən sizə inkişaf nağılları oxusunlar 🙂 Onun çarəsini də aşağıda təsvir edəcəyim kimi tapıblar.

Bu cür beynəlxalq qiymətləndirmələrdə, bir qayda olaraq, imtahan nəticələrinin reprezentativ olması (yəni bütün ölkənin vəziyyətini əks etdirməsi) üçün, həmin imtahanda iştirak edəcək məktəblər (və şagirdlər) ölkənin bütün məktəblərindəki bütün şagirdlər arasından seçilməlidir. Yəni seçiləcək şagird qrupunun bütün ökəni mümkün qədər dürüst təmsil edə bilməsi üçün burada həm şəhər, həm rayon, həm aran, həm də ucqar kənd məktəbləri təmsil olunmalıdır. VƏ ƏN ƏSASI seçiləcək iştirakçılar təsadüfi üsulla (random) seçilməlidir ki, tədqiqatın nəticələri statistik nöqteyi-nəzərdən dəqiq və etibarlı olsun.

Amma 2018-dən başlayaraq, Təhsil Nazirliyinin müasir, gənc və ingilisdilli kadrları qeyd etdiyim kimi bir biclik işlədərək, şagirdləri bütün ölkə üzrə yox, sadəcə Bakı şəhərindən seçmək qərarı verdi. Yəni ölkənin 4000-ə yaxın məktəbi ola-ola, bizim gənc rəhbərlər bu tədqiqatda iştirak edəcək şagird kontingentini sadəcə Bakının 300 məktəbi arasından – yəni ölkənin ən yaxşı məktəblərinin cəmləşdiyi paytaxt şəhərindən seçməyə başladılar. Bir sözlə həmin imtahanda 4000+ məktəbi olan bir ölkəni yalnız və yalnız Bakının 300 məktəbi arasından seçilmiş 180 məktəbin 8.000-ə yaxın şagirdi təmsil edib.

İmtahanda iştirak edəcək şagirdləri ölkənin ən yaxşı məktəblərinin cəmləşdiyi Bakıdan seçəndə, təbii ki, avtomatik olaraq bütün orta, zəif və həddindən artıq zəif rayon və ucqar kənd məktəbləri qalır kənarda, onlardan heç kim imtahanda iştirak etmir. Deməli nəticələriniz də süni şəkildə şişir. (Əmin ola bilərsiz ki, hətta Bakının öz daxilində seçim edəndə də, Bakı məktəblərinin arasından nisbətın “zəif” olanların bir qisminin siyahıya düşməsinin qarşısını almaq üçün də siyahıya əlavə olaraq “barmaq edilib”.)

Düşünürəm ki, məhz bu biclik sayəsində, 2018-də ölkəmizin nəticələri Qazaxstanın nəticələrindən çox cüzi də olsa yuxarı ola bildi (halbuki 2009-da onlardan xeyli geridəydik). Bu dəfə heç bunu da demək mümkün deyil, çünki demək olar ki, bütün bicliklərə baxmayaraq, bu dəfə Qazaxstan və Gürcüstandan da geridəyik.

Ümumiyyətlə siyahıdan göründüyü kimi bütün bu bicliklərlə belə biz çox qabağa gedə bilməmişik, çünki siyahıda olan digər post-sovet ölkələri (Baltiklər, Rusiya, Belarus, Ukrayna) OECD ölkələrinin ortalamasından yüksək və ya ona yaxın pillələrdə yer aldığı halda (hətta Estoniya Avropa ölkələri arasında BİRİNCİ yerdədir), biz bütün göstəricilərə görə OECD ortalamasından təqribən 100 xal geridəyik ki, bu isə şagirdlərimizin bu imtahan vasitəsilə ölçülən bacarıq və vərsişlər baxımından digər ölkələrdən olan həmyaşıdlarından orta hesabla təqribən 1,5-2 təhsil ili geridə qaldığı anlamına gəlir 😞

Təsəvvür edin ki, bu biclik işlədilməsəydi vəziyyət necə olardı. Əminəm ki, bu biclik işlədilməsəydi, biz siyahıda ən sonunci yerlərdən birini tutardıq. Yəni artıq anladığınız kimi, imtahanda iştirak edəcək şagirdləri ölkənin bütün məktəbləri arasından yox, sadəcə ən yaxşı məktəblərin yerləşdiyi paytaxt şəhərdən seçməkdə bizimkilərin əsas məqsədlərindən biri nəticələri süni şəkildə şişirtmək və cəmiyyəti aldatmaq olub.

Yeri gəlmişkən, bizdən başqa bunu ancaq Çin edir – 3-4 əyalətlə iştirak edir. Çini bəlkə də başa düşmək olar – bizim kimi kiçik ölkə deyil, logistik çətinlikləri var. İstənilən halda, Çin 2018-də PISA qiymətləndirməsində məhz 4 inkişaf etmiş əyalətiylə təmsil olunduğu üçün reytinqdə birinci yer tutdu. Yəni reytinqə baxsanız, Çin təhsil səviyyəsinə görə sanki Sinqapur, Finlandiya, Yaponiya və C.Koreya kimi ən qabaqcıl ölkələrdən irəlidədir 🙂 Amma nəyin hesabına? Çindən bu imtahanda ancaq 4 əyalətin şagirdləri iştirak etdiyi üçün (Beijing, Shanghai, Jiangsu and Zhejiang). Razılaşarsız ki, belə olan halda “Çin təhsil sahəsində Sinqapurdan qabaqdadır” demək çox yanlış və əsassız fikir olar.

Eyniylə də bizim ölkə haqqında da bu siyahıya əsasən “Təhsil sahəsində filan ölkədən qabaqdayıq” demək yanlış və əsassız olar, çünki bizim göstəricilərimizin başqa ölkələrin nəticələri ilə müqayisə edilməsi düzgün DEYİL, çünki digər ölkələrdən fərqli olaraq, bizim göstəricilər yalnız Bakının və çox güman ki, Bakı daxilində də ən yaxşı məktəblərinin göstəriciləridir.

Amma bütün bunlar təəccüblü deyil. Hazırkı komanda riyaziyyat, fizika və ya kimya üzrə istedadlı bir qrup şagirdləri seçib, onları beynəlxalq olimpiadalara intensiv şəkildə hazırlayıb qısa müddətdə olimpiadaarda medallar əldə etdiyi kimi, təbii ki PISA vasitəsiylə də təhsil sahəsində uğurların olduğu təəssüratını yaratmağa çalışıb, amma alınmayıb. Olimpiadalardakı uğurlar özü-özlüyündə əlbəttə ki yaxşıdır. Amma bunun bütövlükdə təhsil sistemindəki islahatlarla və ya təhsil sisteminin inkişaf etdirilməsiylə əlaqəsi marjinaldır.