Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı, uzun müddət nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevə qarşı 123 min dollarlıq iddia qaldırılıb. İddiaçı vaxtilə MTN-də həbsdə saxlanmış, hazırda baxılan işdə zərərçəkmiş kimi tanınanlardan biri – Ələddin Əliyevdir.
Ə.Əliyev 2013-cü ilin yanvarında brilyant daşları qaçaqmalçılıqla ölkəyə gətirməkdə ittiham edilərək həbs olunub. MTN-in istintaq təcridxanasında saxlanılan sahibkar 1 ay sonra buraxılıb. O iddia edir ki, azadlığa çıxmasından ötrü 106 min dollar pulunu alıblar. Öncə MTN-in binası yaxınlığında iki dəfəyə 100 min (hər dəfə 50 min olmaqla-red.) dollar pul verilib.
Zərərçəkmişin sözlərinə görə, sonradan ondan tələb edilən məbləği 110 minə qaldırıblar və ondan daha 10 min dollar istəyiblər. Ancaq son nəticədə aparıb Bakı Əyləncə Mərkəzində 6 min dollar da verib.
Ə.Əliyev deyir ki, ona qarşı qaçaqmalçılıq ittihamı saxta idi, həbs olunmasından məqsəd pulunu almaqdı. O iddia edir ki, üstəlik, 17 min dollarlıq brilyant daşlarını da götürüblər.
“Orada baş verənlər Mövlam Şıxəliyevin göstərişiylə həyata keçirilirdi. Onun hər şeydən xəbəri vardı”, – bunu söyləyən iddiaçı keçmiş MTN generalından ona dəymiş ziyanın ödənilməsini, 123 min dollarının geri qaytarılmasını tələb edir.
Azadlıq radiosu