Araşdırmaçı jurnalist Çingiz Sultansoy
Şəkildə gördüyünüz paytaxtın Babək prospektində növbəti tıxacdır. Bakıda, Bakı-Sumqayıt yolunda və başqa belə tıxaclar həyatımızın bir hissəsi, norması olub, ciddi sosial problemə çevrildiyi hamıya məlumdur, danılmazdır, hətta hakimiyyətin qızğın tərəfdarları da şikayət edirlər. Hakimiyyət bundan heç nə qazanmadığı, özü də əziyyət çəkdiyi halda problemi həll edə bilmir.
Real həyatdan tanıdığım, ağıllı-savadlı, vaxtilə müstəqil mövqeli, amma son 10-12 il hakimiyyəti tənqid etməkdən çəkinən bir dostum bu şəkli paylaşaraq, yazıb:
“Babək prospekti ikitərəfli “probka” rejimində… ona paralel yol çəkilməsə (ya da ikinci mərtəbəsi yardılmasa) məsələnin həlli yoxdur.. çünki hər il ölkəyə gətirilən avtomobillərin sayı 70-80 min ədəd artır … yolların buraxıcılıq imkanları isə məhduddur”.
Məncə, problemin həlli var və bu həll yalnız Babək prospektində paralel yol çəkilməyindən ya ikinci mərtəbə yaradılmaqdan keçmir, hərçənd bu da istisna olunmur. Problem nə hər il ölkəyə gətirilən avtomobillərin 70-80 000 ədəd artmasında, nə adamların şüursuzluğu, nə də yolların buraxıcılıq imkanlarının məhdudluğundadır. Təqsiri yollara ya adamlara – sürücülərin şüursuzluğuna yıxmaq ən asan, ucuz və yanlış yoldur, bunu AzTV, RealTV da edir.
Məsələ Bakı kimi paytaxtın trafikinin düşünülmüş, planlı idarəçilik sisteminin olmamasındadır, məsələ bacarıqsız, səriştəsiz, korrupsion menecmentdədir.
Bəs çıxış yolu nədədir? Nə etməli? Nədən başlamalı?
Problem ayrı-ayrı istiqamətlərdə çıxış yolu axtarmaq, nəsə eləməklə həll olunmayacaq, problemin həlli yanız kompleks yanaşma ilə mümkündür.
Bakı şəhərinin trafik-tıxac kriz planı tərtib edilməli, – özü də başdansovdu yox, ciddi, – bunun üçün real durum, gələnəkli tıxaclar, yerləri və səbəbləri öyrənilməli, təhlil edilməli, qarşısı alınması ya azaldılmasının yolları müəyyənləşdirilməlidir. Kriz-plandan çıxış edərək, təkliflər paketi hazırlanmalıdır. Bu zaman velosiped ya qazan-tava icad eləmək lazım deyil, sadəcə bəzi ibtidai, bəlkə də kiməsə gülməli görünən məqamlara önəm verilməlidir:
- Məqsəd həmişəki kimi büdcəni talamaq, pul mişarlamaq yox, problemin həlli olmalıdır.
- Trafik-tıxac kriz planı və təkliflər paketi üzərində mütəxəssislər işləməlidir, korrupsion düşüncəli məmurlar yox, yüksək maaş və honorar təyin edilən ağıllı-savadlı, müstəqil mütəxəssislər.
- Bu iş üçün xaricdən, məsələn, Amerikadan, İngiltərədən, Almaniyadan ekspert gətirib qarışıq bir komissia yaradılmalıdır.
- Bu işə nə çox vaxt, nə də böyük vəsait tələb olunmur, sadəcə siyasi iradə və korrupsion olmayan yanaşma.
- Berlin təcrübəsi nəzərə alınsa, pis olmaz.
5.1. Şəhərin mərkəzdən başlayaraq, konsentrik dairələrə və rayonlara bölünməsi;
5.2. mərkəzi rayonlara girən maşınlardan böyük rüsum alınması, orada yaşayanlar istisna;
5.3. Ictimai nəqliyyat sisteminin – metro, avtobus və b. ciddi genişləndirilməsi, fəallaşdırılması və islahatı;
5.4. DYP işinin islahatı;
5.5. Heç olmasa bu sahədə monopolizm və korrupsiadan əl çəkilməsi və b. belə addım və tədbirlər
Bunları yazanda özümün də gülməyi gəlirdi. Təbii, bu hakimiyyət monopolizm və korrupsiadan əl çəkən deyil. Bu məlum bir həqiqətdir, ona görə də əslində gülməli yox, ağlamalı bir durumdur.
Bəs bu postu niyə yazdım, özəlliklə ölkəni bürümüş eyforia fonunda? İşin, əsas problemin yolların darlığında ya insanların, sürücülərin şüursuzluğunda OLMADIĞINA diqqət çəkmək üçün…
Bu xalqın insanları döyüşə getmək və vətən uğrunda ölməyə, şikəst olmağa şüuru, qeyrəti çatırsa, küçə-yol hərəkəti qaydalarını gözləməyə niyə şüuru çatmasın ki? Onları sadəcə yönləndirmək lazım. Əlbəttə, o küçə-yol hərəkəti və qaydaları düzgün qurulub idarə olunursa.
SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.