Bəxtiyar Hacıyevn həbs müddəti uzadıldı: Orduya yardım məsələsi də araşdırılır

İctimai fəal Bəxtiyar Hacıyevin istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. Oktyabrın 2-də Xətai rayon Məhkəməsinin hakimi Fuad Axundov bu barədə qərar çıxarıb.

Hakim Baş prokuror Kamran Əliyevin təqdimatını təmin edib. Baş Prokuror Hacıyev haqqında həbs qətimkan tədbirinin müddətcə daha 3 ay uzadılması barədə məhkəməyə təqdimat verib. Təqdimatda göstərilib ki, onunla bağlı istintaq yekunlaşmadığından, müddətin artırılmasına ehtiyac var.

İctimai fəalın özü də, vəkilləri də buna etirazlarını bildirərək deyiblər ki, istintaq bir ildən artıq sürə bilməz. Təqdimat təmin olunacağı halda, 12 aylıq müddət keçir və qanun pozulur. Axı Hacıyevlə bağlı cinayət işi ötən ilin oktyabrında başlanıb və o, dekabrda həbs edilib.

Bəxtiyar Hacıyev təqsirsizliyini, siyasi sifarişlə həbs olunduğunu vurğulayıb.

Məhkəmənin gedişində hakim səhhətində problem olduğunu əsas gətirərək, 1 saata yaxın fasilə verib. Nəticədə ictimai fəalın işi üzrə məhkəmə prosesi 3 saatdan çox çəkib. Sonda hakim təqdimatı təmin edərək, B.Hacıyev haqqında həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

İctimai fəalın vəkili Rövşanə Rəhimli deyir ki, bu qərarı qanunsuz və əsassız saydıqlarından. ondan apellyasiya şikayəti verəcəklər.

Azadlıq radiosu