Gədəbəy rayonunun Söyüdlü kəndində su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Amma ərazidə qızıl mədəninin fəaliyyətinin bərpa ediləcəyi gözlənir.
Bu barədə Nazirlər Kabinetinin məlumatında bildirilir.
Sentyabrın 26-da Azərbaycan Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Nazirlər Kabinetindən bildirildiyinə görə, iclasda Böyük Britaniyanın “Micon International Co Limited” şirkətinin ərazidə apardığı monitorinqlərin nəticələrinə dair hesabat və tövsiyələr müzakirə olunub.
“…Su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib. İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb…”,- məlumatda vurğulanır.
Azadlıq radiosu