Prezident verilən anda reaksiya verəcəkmi?


Muxtar Babayev Söyüdlü hadisəsindən dərs almayıb…


İş adamının əmlakının yağmalanması planı


Ağsu rayonu ərazisində Basqalaltı deyilən yerdə fəaliyyət göstərən “Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi, iş adamı Novruz Gülməmmədov mətbuat konfransı keçirib. Sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyininn onun fəaliyyətinə törətdiyi əngəllərdən bəhs edib.

İş adamı bildirib ki, 2015-ci ildə əsas hissəsi Ağsu Rayonunun Nüydü bələdiyyəsi ərazisinə düşən yerdən İsmayıllı rayon Basqal kənd sakini və Ağsu rayonu Nüydü kənd sakinindən iaşə obyekti alıb. Həmçinin Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Şamaxı Regional Meşə Təsərrüfat Birliyindən müqavilə əsasında torpaq sahəsi götürüb, ərazidə abadlıq işləri görərək “Şöhlətoğlu” ailəvi istirahət mərkəzini qurub.
2020-2021-ci ildə Ekologiya Nazirliyinin nümayəndələrinin sahibkarlardan ianə adı ilə vəsait toplamasına etiraz edib və bununla bağlı hüquq mühafizə orqanalarına müraciət edib. Fakt təsdiqini tapdığı üçün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq maddələrlə cinayət işi başlanıb. Novruz Gülməmmədov daha sonra bildirib ki, bundan sonra ona təzyiqlər daha da artıb. Guya ağac kəsdiyinə görə o, ETSN nümayəndələri tərəfindən cərimələnib. Lakin bununla barışmayan iş adamı məhkəməyə müraciət edib, faktlarla sübut edib ki, o yaşıllıqların məhv edilməsində iştirak etməyib, əksinə ərazidə 18 min ədəd qiymətli kol bitkiləri və gül əkib. Bunu nəzərə alan məhkəmə cərimə qərarını ləğv edib. Bundan sonra ETSN regional idarəsi iş adamı ilə olan müqavilənin müddətini uzatmayıb. Məhkəməyə müraciət edərək iş adamının Meşə Təssərrüfatı Birliyi ərazisinə məxsus torpağı zəbt etməsini göstərib , həmin sahədə olan tiklilərin sökülməsi tələbini irəli sürüb.
İş adamı mətbuat nümayəndələrinə bildirib ki, ona qarşı olan haqsızlıqların bir səbəbi də ETSN Muxtar Babayevin həmin obyekti sahibkarın əlindən çıxararaq hansısa dostuna hədiyyə etmə niyyətidir. Novruz Gülməmmədov qeyd edib ki, bu barədə ona Nazirin müavini Vüqar Kərimov bildirib.

Araya Quran gəldi…

Mətbuat Konfransında Novruz Gülməmmədov 100 ildən artıq yaşı olan müqəddəs Quran Kitabını gətirərək president İlham Əliyevə səslənib: “Cənab Prezident, siz bu Qurana və Konstutisiyaya and içərək, vətəndaşların hüquqlarını qorumağı öhdənizə götürmüsünüz. Sizi and verirəm bu Qurana və Atanızın ruhuna bu məsələnin ədalətli araşdırılmasını nəzarətə götürün, bu müqəddəs kitabı da sizə hədiyyə edirəm”.
İş adamı məsələ ilə bağlı Prezidentin köməkçiləri Fuad Ələsgərovun və Zeynal Nağdəliyevin qəbullarında olduğunu, onların da olaydan xəbərdar olmasını qeyd edib. Novruz Gülməmmədov Ağsu Rayon İcra Hakimmiyyəti Başçısının da bu qalmaqda rolu olduğunu bildirib. Əlində olan faktları açıqlamasa da onları ədalətli araşdırmaya əmin olduqda hüquq mühafizə orqanlarına təqdim edəcəyini deyib.

Vəkil sahibkarın haqlı olduğunu deyir

Mətbuat konfransında iş adamının vəkili Türkel Türkel Süleymanlı bildirib ki, torpağın Nüydü bələdiyyəsindən alınmasına dair sənəd var: “Həmin möhürlü, imzalı rəsmi sənədi Novruz Gülməmmədova bələdiyyə verib. Müdafiə etdiyim şəxs də bu sənəd əsasında iş qurub. 6 hektarlıq abadlıq işləri aparıb, ora külli miqdarda investisiya qoyub, vaxtlı-vaxtında həmin əraziyə görə qanuni rüsumları ödəyib, bu barədə ortada qəbzlər var. Əgər Novruz Gülməmmədov torpaq zəbt edibsə, bəs o zaman bələdiyyənin bu sənədi nədir?”
Türkel Süleymanlı bildirib ki, qarşı tərəf sadəcə iş adamından qisas alır: “Novruz Gülməmmədov işini qanuni əsaslarla görən bir iş adamıdır. Hər hansı qanunsuz işdən uzaqdır. Üzləşdiyi qanunsuzluqlara qarşı da qanun çərçivəsində, hüquqi müstəvidə mübarizə aparır. Novruz Gülməmmədov qarşı tərəfin qanunsuz əməllərini ictimailəşdirdiyinə, onlar barəsində müvafiq qurumlara şikayətlər etdiyinə görə ondan qisas alırlar”.

Mətbuat konfransından video süjeti təqdim edirik.


azadlıq.info