1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtina – hüquq və azadlıq sayılır


Pərviz Hüseynov, Cahangir Yusifov və Şərafaət Məmmədova üçlüyü qazini konstitusion məhkəmə, hüquqi yardım hüququndan sui-istifadə etməkdə suçlayır


Hakim adından, hakim andından, görəvindən rüşvət – korrupsiya amacı ilə sui-istifadə edilməsini vurğulamaqla nəsə aşırı, gözlənilməz hal baş verdiyini diqqətə çatdırmaq Azərbaycan (məhkəmə-hüquq) gerçəkliyində gülüncdür. Şərəfli hakim adını şərəflə daşıyanların sayının barmaqla ölçülməsi kimsəyə gizlin deyil. Di gəl, hakim adından – andından sui-istifadə edib vətəndaşın məhkəmə təminatı, hüquqi yardım almaq hüququnu HÜQUQDAN SUİ-İSTİFADƏ ETMƏK sayıb qadağa qoymaq – heç də hamıya bəlli deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının eyni cavabdehlərə qarşı iki ayrı nömrəli işlə təyin edilən eyni heyəti – ŞƏRAFƏT MƏMMƏDOVA, PƏRVİZ HÜSEYNOV, CAHANGİR YUSİFOV hakim adından sui- istifadədə elə irəli gedib ki, hər iki ayrı nömrəli eyni iş üzrə iddiaçının məhkəmə aktlarını mübahisələndirməsini, kassasiya şikayəti verməyə dövlət hesabına vəkil ayrılmasına ərizə verməsini HÜQUQDAN SUİ-İSTİFADƏ KİMİ dəyərləndirib .(?)
“..İDDİAÇI ƏSASSIZ İDDİALAR QALDIRMAQLA, həmin İDDİALARIN istər QEYRİ – MÜMKÜN SAYILMASI barədə olan QƏRARDADLARI, istərsə də belə İDDİALARIN RƏDDİNƏ dair QƏRARLARI HƏR ÜÇ MƏHKƏMƏ İNSTANSİYASINDA MÜBAHİSƏLƏNDİRMƏKLƏ HÜQUQUNDAN SUİ-İSTİFADƏ EDİR”. Bu nəticə sözügedən 3 hakimin birgə imzaladığı məhkəmə aktında yazılıb. Heç demə, Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququndan yararlanıb iddia qaldırmaq hüquqdan sui-istifadə sayılır(mış).(?) Fikrimizcə, artıq şərhə, izahata ehtiyac yoxdur, Məhkəmə Hüquq Şurası bu “sui-istifadə hüququna” dair hər 3 hakimdən izahat almağa borcludur.
Ardını oxuyaq: “ HÜQUQDAN SUİ-İSTİFADƏ EDƏN ŞƏXSLƏRİN DÖVLƏT HESABINA VƏKİLLƏ TƏMİN EDİLMƏSİ İSƏ DÖVLƏT VƏSAİTİNİN TƏYİNATINDAN KƏNAR əsassız yerə XƏRCLƏNMƏSİNƏ səbəb olur.” Heç demə, Konstitusiyanın 61-ci maddəsinin ll hissəsinə uyğun olaraq 1-ci dərəcəli Qarabağ əlillinə ödənişsiz, dövlət hesabına hüquq yardım göstərilməsi dövlət büdcəsini çökdürəcəkmiş !(?) Dövlət büdcəsinin keşiyində xidmətlərinə görə hər 3 hakimə büdcədən ödül düşür.
Hələ “sui-istifadə”nin yekəsinə baxın: “Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda ƏRİZƏÇİNİN DÖVLƏT BÜDCƏSİNİN VƏSAİTİ HESABINA VƏKİLLƏ TƏMİN EDİLMƏMƏSİ onun HÜQUQ və AZADLIQLARININ MƏHDUDLAŞDIRILMASI KİMİ QİYMƏTLƏNDİRİLƏ BİLMƏZ. Belə ki, əsassız olaraq KASSASİYA ŞİKAYƏTİ TƏRTİB OLUNMASI üçün DÖVLƏT HESABINA VƏKİLLƏ TƏMİN edilmə QANUN və MƏHKƏMƏ QARŞISINDA BƏRABƏRLİK HÜQUQUNUN POZULMASINA ( hazırkı iş üzrə CAVABDEHLƏRƏ MÜNASİBƏTDƏ) , SÜRÜNDÜRMƏÇİLİYƏ səbəb olur, şəxslərin İNTİZAMSIZLIĞINA şərait yaradır.” Heç demə, kassasiya şikayəti verməyə vəkillə təminat cavabdeh inzibati-dövlət orqanlarının hüququnu pozurmuş, intizamsızlıq imiş .(?) Yəqin Məhkəmə Hüquq Şurası intizam icraatında bu intizamsızlığa, süründürməçiliyə , tərəflərin hüquq bərabərliyinin pozulmasına qiymət verər. Necə olur, cavabdeh dövlət orqanları ( DİN və ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) dövlət hesabına VK-nın intizam komissiyasının üzvü, DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilov və Orxan Qılman oğlu Babayevlə, DSMF-in məhkəmə mübahisələri ilə iş üzrə 39 saylı vəkil bürosu ilə ( Emil İsgəndərli və b.) müdafiə olunur, amma 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılması hüquqdan sui-istifadə, büdcə vəsaitinin əsassız xərclənməsi , intizamsızlıq sayılır?! Hələ biz məhkəmələrin də inzibati dövlət orqanlarına vəkillik etməsini demirik. Hüquq bərabərliyi prinsipi belə olur?
… Hər özbaşınalığı , hüquqsuzluğu görmüşdük, məhkəməyə müraciət etməyin, hüquqi yardım istəməyin hüquqdan sui-istifadə olmasını, dövlət hesabına hüquqi yardımdan imtinanın əsas hüquq və azadlıqlardan olmasının aktlaşdırılmasını da gördük. Hələ görəcəyimiz qabaqdadır…


Məğrur Bədəlsoy