Hər il Azərbaycanda məişət zorakılığı nəticəsində onlarla qadın öldürülür. Eyni zamanda, məişət zorakılığının qadınları bir anda qatilə çevirməsi halları da az olmur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda məişət zorakılığı nəticəsində 46 qadın öldürülüb. Ötən il isə Azərbaycanda 51 qadın məişət zorakılığının qurbanı olub.
2021-ci ildə 11 qadın isə qəsdən adam öldürməyə görə mühakimə olunub. Bu qətllərin nə qədər hissəsinin məişət zorakılığı nəticəsində baş verdiyi məlum deyil.
Məşqçini öldürməkdə ittiham olunan həyat yoldaşı nə deyir
Kikboksinq üzrə məşqçi olmuş həyat yoldaşının qətlində ittiham olunan Əfsanə Qalabəylinin cinayətin səbəbi haqda məhkəmədə danışdıqları bu mövzunu aktuallaşdırıb. Qalabəyli deyir ki, illərlə dörd azyaşlı övladı ilə birlikdə işgəncə altında olub. Əri onu döymək, təhqir etməklə yanaşı, yaşadıqları evə münasibətdə olduğu qadınları gətirib. Qalabəylinin sözlərinə görə, o və övladları bir otaqda qalıb, əri isə həmin qadınlarla digər otaqda. Onu isə evə gələnlərə çay, yemək hazırlamağa məcbur edib. Onun dediklərini məhkəmədə dindirilən oğlu, evə gələn qadın da təsdiqləyib.
Hazırda 36-yaşlı Qalabəyli haqqında ekspertiza təyin olunub, onun cinayəti törədərkən və indiki psixi durumu ilə bağlı ekspertlər rəy verəcək.
Bəs, məhkəmələr məişət zorakılığı nəticəsində baş vermiş cinayətləri araşdırarkən, cəza təyin edərkən buna gətirib çıxaran səbəbləri nəzərə alırmı? Yoxsa ancaq cinayətin özünə qiymət verilir?

123-cü maddə
Vəkil Zibeydə Sadıqova deyir ki, məhkəmələr yekunda qərar verəndə ekspertizanın rəyinə əsaslanırlar. Çünki ekspertizanın rəyindən asılı olaraq, müəyyən oluna bilər ki, cinayəti törədərkən şəxs affekt vəziyyətdə olub, yoxsa yox. Yaxud da şəxsin hazırkı psixi, psixoloji durumu ilə bağlı da ekspertin rəyi alınır.
Sadıqovanın sözlərinə görə, müvəkkillərinin bir çoxu uzun müddət davam edən zorakılıqlar nəticəsində cinayətə əl atmaq məcburiyyətində qaldıqlarını bildirir. Müdafiəçi vurğulayır ki, iş materiallarının təhlili də onların dediklərini təsdiqləyir: “Əksəriyyətinin törətdiyi əməl özünümüdafiə zəminində baş versə də, təəssüf ki, düzgün tövsif olunmur. Hətta bəzən daha da ağırlaşdırılır. Məsələn, məndə bir qadının işi vardı, sağlamlığa zərər vurma idi, ona qəsdən adam öldürməyə cəhd ittihamı verilmişdi. Halbuki məsələyə kompleks yanaşma olmalıdır, hərtərəfli araşdırma aparılmalıdır”.
Azərbaycanın cinayət qanunvericiliyində şəxs özünü müdafiə etmək istədiyi halda, başqasının ölümünə səbəb olmasına görə cəza nəzərdə tutulan norma var. Söhbət Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsindən gedir. Bu maddədə 2 ilə qədər azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Azadlıq radiosu