Kənd təsərrüfatına ayrılan xərclər artsa da, nəticələr aşağı düşüb

Ötən ilin dövlət büdcəsində “Kənd təsərrüfatı” bölməsinə toplam 920 milyon manat xərclənib. Bu vəsaitin 463 milyon manatı (50.3 faizi) kənd təsərrüfatı, 414 milyon manatı (45 faizi) meliorasiya tədbirlərinə sərf edilib. Daha 36 milyon manat baytarlıq fəaliyyətinə ayrılıb. Hesablama Palatasının araşdırmasında belə deyilir.

Ötən il Kənd Təsərrüfatı Nazirliyinin gerçəkləşdirdiyi proqramların maliyyələşməsinə 529 milyon manat nəzərdə tutulmuşdu. Nazirlik bu vəsaitin 503 milyon manatını (95 faizini) xərcləyib. Xərclənən vəsaitin həcmi 2021-ci illə müqayisədə 5 milyon manatdan çox artıb. Açıqlanan rəsmi bilgilərdən bəlli olur ki, ötən il Kənd Təsərrüfatı Nazirliyinin gerçəkləşdirdiyi proqramlar üzrə xərclənən vəsait artsa da, bu proqramlar çərçivəsində hədəflənən göstəricilərə çatılmayıb.

Geriləyən göstəricilər

Hökumət 2022-ci ildə bitkiçilik sahəsində istehsal həcminin 3.5 faiz artacağını proqnozlaşdırırdı. Rəsmi rəqəmlərə görə, ötən il ölkədə həmin sahədə istehsal həcmi proqnoza nisbətən az – 3.3 faiz böyüyüb. Böyümə tempi də azalıb. Belə ki, 2021-ci illə müqayisədə ötən il bitçilik sahəsində istehsal həcminin artım tempi 0.7 faiz aşağı düşüb.

Hökumətin əkin sahələri ilə bağl proqnozları da özünü doğrultmayıb. Ötən il ölkə üzrə əkin sahələrinin həcmi 1 milyon 662 min hektar proqnozlaşdırılsa da, gerçək əkin sahəsi 1 milyon 624 min hektar olub. Bu, hökumətin gözləntisindən təxminən 40 min hektar azdır. Əkin sahələrinin həcmi 2021-ci illə müqayisədə də azalıb (1 milyon 645 min hektardan 21 min hektar azalaraq, 1 milyon 624 min hektara enib).

Strateji məhsul olduğundan, hökumət buğda əkinləri ilə bağlı ayrıca proqnozlar hazırlamışdı. Ancaq dünyada taxıl böhranı yaşandığından, buğda əkinləri üzrə proqnozlar doğrulmayıb. Ötən il Azərbaycanda buğda əkinlərinin sahəsi 547 min hektar olub. Bu, hökumətin proqnozlaşdırdığı göstəricidən 23 min hektar, 2021-ci ildə qeydə alınan nəticələrdənsə 25 min hetkar az göstəricidir. Buğdanın məhsuldarlığı da azalıb. 2022-ci ildə buğdanın məhsuldarlığı 32.9 sentner/ha proqnozlaşdırılsa da, faktik 31.9 sentner/ha olmaqla 2021-ci illə müqayisədə 1 sentner/ha aşağı düşüb.

Azadlıq radiosu