Sinqapurda hər 6 nəfərə 1 milyoner düşür,bəs bizdə?

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı

Ölkəmiz 1999-2022 illər ərzində neft-qaz gəlirlərindən Neft Fondumuza 313 milyard manat gəlir daxil olub. Bunun 222 milyard manat xərclənib. Ölkəyə əlavə olaraq 250 milyard dollar həcmində xarici investisiya cəlb olunub. Bütövlükdə ölkə maliyyə axınları nöqteyi-nəzərindən pik həddini yaşayıb və o təsirlər hələ də davam edir.

Məntiqlə bu qədər böyük maliyyə axını ölkəmizdə dayanıqlı orta təbəqə yaratmalı idi. Zəngin insanları ortaya çıxarmalı idi. Ölkədə biznes subyektlərinin kapitalizasiyası daha da genişlənməli idi.

Mən bunu hər zaman deyirəm ki, bir dövlətin zəngin olması dövlət ehtiyatlarının olması ilə yanaşı, vətəndaşlarının nə qədər zəngin olması ilə ölçülməlidir. Vətəndaşı zəngin olan qüdrətli dövlətdir.

Vətəndaşın zənginləşdirmək bir yana, onun öz bacarıqları hesabına zənginləşdiyi zaman ona hansı təşviqedici təsirlər var sualına cavabı hamımız bilirik. “Əzrayılın uşaq paylamaq söhbəti…”

İnkişaf etmiş ölkələr vətəndaşlarının zəngin olması ilə öyünür. ABŞ-dan, İngiltərədən, Çindən nümunələr gətirəndə deyirlər ki, onlar böyük dövlətdir və zəngin insanların olması təbiidir. Gəlin ən kiçik ölkələrdən birini götürün. Məsələn, Sinqapur…
Sinqapurda 6 nəfərdən 1 nəfərinin 1 milyon dollardan artıq pulu var.

Biz də 1 milyon dollardan artıq pulu olanın “ovuna” çıxıb müflisləşdirirlər ki, yoxsullarla bərabərləşsin. Yoxsulların gəlirlərini artırıb zənginləşdirmək yox, zənginləri yoxsullaşdırıb onları bərabərləşdirirlər.

Bu TƏRS BƏRABƏRLİK işarəsi ilə hara gedirsiniz?