Tarixi insanların partiyası

Natiq Güləhmədoğlu

Xalq Cəbhəsi partiyasının qurultayını fərəhlə izlədim. Bu təkcə partiya təəssübkeşliyindən doğan hiss deyildi. 21-ci əsrin ən müstəbid, ən idbar, acgöz rejiminə müqavimət göstərən insanlar müstəsna tarixi faktdır. Ən ucqar kənddə yaşayan, hətta heç bir xüsusi fəallığı olmadan özünü “mən müxalifətçiyəm, cəbhəçiyəm” kimi təqdim edən adama ürəyim qurbandır. Çünki, bu sadə bəyanın arxasında duran cəsarət, məhrumiyyət, imtina mənə tanışdır. Total qorxunun, özbaşınalığın, yaltaqlığın hökm sürdüyü bir yerdə o bəyanı etmək, ona sadiq qalmaq hər igidin işi deyil.

Əliyev istilası illərində cəbhəçilər qədər siyasi təzyiqlərə, həbslərə, işgəncələrə, zülmlərə məruz qalan ikinci ictimai-siyasi zümrə varmı? Xeyr. Ancaq, bu necə olur ki, ardıcıl repressiyalar bu təşkilatı sıradan çıxarmaq yerinə daha da mətn edib. “Başını qorumağa” çalışanlar, “konstruktiv, fərqli mübarizə” yolu axtarışına çıxanlar cəbhəçilərə “ağıl öyrədə-öyrədə” bəzilər buxarlandı, bəziləri rejimin quzu-balasına döndü. Bu da təbiidir. Tərəqqinin, totalitar rejimlə mübarizənin asan, kəsə, sehrli yolu yoxdur. Bu yol daimi məşq, təlim, zəhmət tələb edir. Cəbhəçilər də bunu bacarır. Onlara eşq olsun.

Partiya sədri Əli Kərimlini, cəbhədaşlarımı təbrik edirəm.
Ağır və məsuliyyətli mirasla, missiya ilə yüklüsünüz. Tale və xalqımız yar və yardımçınız olsun!