Taksi biznesi də monopoliyaya götürülür

İqtisadçı ekspert Qaşqay İsmayıl

Müəyyən müddətdir ki, KİV-də taksilərlə bağlı aqressiv təbliğat kampaniyası aparılır. Belə nəticəyə gəlmək olar ki, ənənəvi olaraq bu bazara daxil olmağa çalışan qüvvə artıq qərara gəlib və rəqabət yoluyla deyil, dövlət resurslarından istifadə edərək, taksi sektorunun gəlirlərini öz əlində cəmləmək fikrindədir

Məsələ burasındadır ki, Azərbaycanda taksi bəlkə də yeganə rəqabətli sahə idi. Keyfiyyətin aşağı səviyyəsinə baxmayaraq qiymətlərin ucuzluğu əhali üçün də əlverişli sayılırdı. Yəni, həm sürücülər və taksi şirkətləri, həm də sərnişinlər təbii şəkildə bazarın yaratdığı qaydalarla taksidən istifadə edirdilər

Əhalisinin gəlirləri xeyli aşağı olan bir ölkədə taksidən yüksək standartlar gözləmək də olmazdı. Yeni standartlar isə qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Belə olan təqdirdə on minlərlə taksi sürücüsü yeganə iş yerini də itirmək məcburiyyətində qalacaq, çünki Bakıdakı şərtlərlə taksidə işləmək faktiki qul əməyi idi. İndi bu qul əməyindən də onları məhrum edirlər. Bu isə kütləvi işsizliyin hökm sürdüyü bir ölkədə sosial gərginliyi daha da artıracaq. Üstəlik ictimai nəqliyyatın bərbad olduğunu nəzərə alsaq, yüzminlərlə sərnişin üçün əlavə problemlər yaranacaq

Biz tədricən respublikanın iqtisadi baxımdan holdinqə çevrilməsinə şahidlik edirik, həm də dövlət artıq taksi sektoru kimi sıravi insanların çalışdığı sahələrə də kimlərinsə maraqları naminə müdaxilə etməkdən çəkinmir. Həm də tarixdən məlumdur, iqtisadiyyatın bu həddə qədər monopoliyaya alınması gec-tez həmin sistemlərin süqutuna gətirib çıxarır. Halbuki taksi sektoru indiki qaydalar çərçivəsində təbii bazar qanunlarıyla qarşıdakı illərdə çeşidlənə, müxtəlif kateqoriyalara bölünə, daha keyfiyyətli və rəqabət qabiliyyətli ola bilərdi. Lakin təcrübə göstərir ki, Azərbaycanda istənilən bazar subyekti məhv olmağa məhkumdur və bu proses sistemin sonuna qədər davam edəcək