Azərbaycanda əmanətlər necə qorunur?

Mərkəzi Bank “Günay Bank”ın lisenziyasını ləğv edib. Rəsmi açıqlamada bildirilir ki, qərarın səbəbi bankın məcmu kapital miqdarının banklara müəyyənləşdirilmiş minimum miqdardan az olmasıdır. Mərkəzi Bank həmin qurumun müflisləşmə üzündən ləğvi üçün məhkəməyə üz tutub. Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə enib. Devalvasiyadan bir qədər öncə – 2014-cü ildə Azərbaycanda 44 bank fəaliyyət göstərirdi. Bu o deməkdir ki, son 9 ildə ölkədə 20 bank sıradan çıxıb. Başqa deyimlə, ölkədəki bankların 45 faizi bağlanıb.

Mərkəzi Bankın fikrincə, “Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. Ancaq unutmaq olmaz ki, ölkədə hər hansı bankın bağlanması vətəndaşların bank sisteminə güvənini sarsıdır. Digər tərəfdən, Azərbaycanda bank sektoruna güvənin yüksək olduğu onsuz da deyilə bilməz. Onu da unutmaq olmaz ki, əhalinin və biznesin depozitləri Azərbaycan banklarından ötrü həyati önəm daşıyır, axı ölkədəki bankların vəsaiti, əsasən, depozitlər hesabına formalaşır. Azərbaycanda maliyyə bazarlarının zəif inkişafı bankları depozitlərdən asılı duruma salır. Hazırda bank resurslarının formalaşmasında depozitlərin payı 80 faizdən yüksəkdir. Bu baxımdan, müstəqil ekspertlər də düşünürlər ki, Mərkəzi Bank zəif bankları bağlamaqla yanaşı, onların sağlamlaşdırılmasına da çalışmalıdır.

Kiçik banklar niyə zəifləyir?

Azərbaycanda kiçik bankların durumunu ağırlaşdıran amillərdən biri də ölkənin bank sektorunda yüksək təmərküzləşmə ilə bağlıdır. Axı ölkədə sosial ödəniş və dövlət sektorundakı əməkhaqqı kartları yalnız iki banka məxsusdur. Bunlar dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı və prezidentin ailə üzvlərinin səhmdarı olduğu “Kapital Bank”dır. Bu iki bank bank xidmətləri göstərdiyindən hər il dövlət qurumlarından milyonlarla manat vəsait alır. Eyni zamanda, ölkə əhalisinin böyük bölümü maaş və sosial ödənişləri bu banklardan aldığından həmin banklar onlara kredit satmaq üçün də üstünlük qazanır. Bu üzdən, indi ölkənin bank sistemində istər aktivlərin, istər kredit portfelinin, istərsə mənfəətin təxminən 80 faizə yaxını dövlətə və “Paşa Holdinq”ə məxsusdur. Əsas gəlirlər bu banklar arasında bölüşdürüldüyündən yerdəqalan banklar bazarda daha az paya sahib ola bilir. Mərkəzi Bankın martda yayımladığı “Maliyyə dayanıqlılığı” hesabatında da bildirilir ki, Azərbaycanda mənfəətin həcminə görə ilk üçlükdəki banklar toplam mənfəətin 78 faizinə sahiblənib. Bu üç banksa dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı və “Paşa Holdinq”ə daxil olan “Kapital Bank” və “Paşa Bank”dır. Beləcə, ölkədə biznes ortamının zəif inkişafı və məmur sahibkarlığı üzündən kiçik bankların manevr imkanları daha azdır. Bu da onların maliyyə göstəricilərinin zəifləməsinə gətirib çıxarır.

Azadlıq radiosu